Azərbaycan, Naxçıvan, 14 oktyabr / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında (MR) prezident seçkisini 36 beynəlxalq müşahidəçi izləyəcək.
Naxçıvan MR-in Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovun Trend -a bildirdiyinə görə, beynəlxalq müşahidəçilərin 24-ü ATƏT-in, 12-si isə MDB-ni təmsil edir.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
MDB-nin Seçkiləri Müşahidə edən Koordinasiya Şurasının Naxçıvan MR-dəki qrupunun rəhbəri Aleksandr Mixayloviç Oskolskinin Trend -a bildirdiyinə, görə MDB-nin müşahidəçiləri Muxtar Respublikadakı 7 seçki dairəsi üzrə müəyyən aralıqlarla bütün məntəqələrdə seçkiləri izləyəcəklər. Beynəlxalq müşahidəçilər seçkinin sonunda səslərin hesablanmasında da iştirak edəcəklər.
Bundan əlavə, Muxtar Respublika üzrə 25 seçki məntəqəsində veb-kameralar quraşdırılıb ki, həmin kameralar vasitəsilə dünyanın istənilən nöqtəsində seçkiləri izləmək mümkün olacaq.
Naxçıvan Muxtar Respublikasında 7 Seçki Dairəsi üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrin 292-sində mülki, 24-ündə isə hərbi vətəndaşlar öz səsvermə hüququndan istifadə edəcək.
Muxtar Respublika üzrə ümumilikdə 248335 seçici qeydə alınıb ki, onların da 6635 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
Səsvermə günü ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00, 19:00) Bakıya seçkilərlə bağlı məlumat ötürüləcək.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]