...

Azərbaycanın hakim və müxalifət partiyaları dialoqu mümkün sayır

Siyasət Materials 20 Oktyabr 2008 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə keçirilən prezident seçkisindən sonra yaranan yeni mərhələdə iqtidar - müxalifət dialoqunun başlamasını mümkün hesab edir.

"Bu gün iqtidar istənilən siyasi qüvvə ilə əməkdaşlığa hazırdır",- bazar ertəsi Trend - a hakim partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Trend - un arayışı: Azərbaycanda oktyabrın 15 - də keçirilən prezident seçkisində uduzan müxalifət partiyalarının namizədləri seçki tarixində ilk dəfə olaraq qalib gələn hakim partiyanın namizədini təbrik etdilər. Hətta seçkidə namizədləri ilə iştirak etməyən digər müxalifət partiyaları seçkinin nəticələrini tanıdılar.

YAP təmsilçisi bildirib ki, iqtidar cəmiyyətdəki siyasi təşkilatları özünə yaxın və uzaq, seçkidə iştirak edən, yaxud boykotçu qüvvələrə bölmür.

Mirzəzadənin fikrincə, iqtidar Konstitusiya ilə üzərinə düşən məsuliyyəti yerinə yetirir.

"Bu məsuliyyətlərdən biri də siyasi partiyaların normal inkişafına şərait yaradılmasıdır. İqtidar daim bunu etməyə çalışır. Bunun nəticəsidir ki, sonuncu seçkidə hər bir siyasi qüvvə hansı formada iştirak edib -etməməyini özü müəyyənləşdirdi və mövqeyini cəmiyyətə açıqlamaq üçün şərait yaradıldı", - YAP funksioneri bildirib.

Mirzəzadənin sözlərinə görə, əməkdaşlıq üçün, sadəcə olaraq, müxalifət partiyaları təklifləri ilə iqtidara müraciət etməlidir.

"Dialoq elə olmalıdır ki, tərəflərin hər birinin fikirlərini açıq deməsinə imkan yaransın. Düşünürəm ki, həmin mühiti hakimiyyət yaradıb və bundan sonra da belə olacaq. Siyasi qüvvələr də iqtidarla hansısa məsələnin müzakirəsini keçirmək istəyərsə, əlbəttə, bunun reallaşması da mümkündür", - Mirzəzadə əlavə edib.

Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu düşünür ki, prezident seçkisindən sonra siyasi dialoqun aktuallığı və vacib olması bir daha önə çıxıb.

"Məncə, Azərbaycan müxalifəti faktiki vəziyyətlə hesablaşmalı və bütünlükdə milli problemlərin həllində, eləcə də növbəti parlament seçkilərinin daha da demokratik keçirilməsi üçün iqtidarla əməkdaşlığa hazır olduğunu bəyan etməlidir", - bazar ertəsi Trend - a Cəlaloğlu bildirib.

ADP sədrinin fikrincə, müxalifətin bir hissəsinin seçdiyi yol bütün siyasi nailiyyətlərə və ölkədə demokratik situasiyanın dəyişdirilməsinə, yəni siyasi inkişafa səbəb olmayıb.

"İstər müxalifət, istərsə də iqtidarın köhnə şüarlarla çıxış edib, bir - birini qəbul etməməsi və bir - birinin əleyhinə kəskin bəyanatlar verməsi bütünlükdə münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Düşünürəm ki, yeni dönəmdə tərəflər bir - birini gözləmədən hər biri əks tərəflə münasibətlərinə yenidən baxmalıdır", - Cəlaloğlu vurğulayıb.

Cəlaloğlunun sözlərinə görə, iqtidar - müxalifət dialoqu seçkidə iştirak etməyən partiyalarla baş tutarsa, bunun əhəmiyyəti hər iki tərəf üçün daha çox olar.

"ADP xeyli vaxtdır, dialoqa hazır olduğunu bildirib. Amma dialoqun baş tutması üçün hakimiyyətin konkret addımlar atması gərəkdir", - ADP sədri deyib.

Böyük Quruluş Partiyasının başqanı, prezidentliyə keçmiş namizəd Fazil Qəzənfəroğlunun sözlərinə görə, yeni mərhələdə dialoqun baş tutması iqtidara aid olan məsələdir.

"Hakimiyyət əvvəlki siyasətini davam etdirəcəksə, təbii ki, dialoq alınmayacaq. Amma seçkidə iştirak edən müxalif partiyaların namizədləri hakim partiyanın namizədini qalib gəlməsi münasibətilə təbrik etdi. Bu addımı müxalifət atdı, lakin iqtidar tərəfdən belə bir addımın atılması müşahidə olunmayıb. Ona görə hakimiyyətin bu addımını gözləmək lazımdır", - bazar ertəsi Trend - a BQP başqanı bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti