...

Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul olunması vacibdir – vitse-spiker

Siyasət Materials 25 Oktyabr 2008 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbul olunması vacibdir.

"Reproduktiv sağlamlığın təmin olunması təkcə Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi ən ciddi problemlərdən biridir", - bu barədə şənbə günü parlamentdə "Milli qanunvericilikdə reproduktiv sağlamlıq" mövzusunda keçirilən ictimai dinləmələrdə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Trend -un məlumatına görə, şənbə günü parlamentin Sosial-siyasət daimi komissiyasının təşəbbüsü və BMT-nin Əhali Fondunun, Avropa Şurasının, Avropa Parlamentlərarası Forumun dəstəyi ilə Cənubi Qafqazda gənclər üçün reproduktiv təşəbbüsü layihəsi çərçivəsində "Milli qanunvericilikdə reproduktiv sağlamlıq" mövzusunda ictimai müzakirələr keçirilib.

Muradova qeyd edib ki, reproduktiv sağlamlıq yalnız tibbi deyil, sosial, iqtisadi, ekoloji və siyasi problemdir: "Ailənin planlaşdırılması, reproduktiv sağlamlığın təmin olunması çox ciddi məsələdir və bu problem hansısa qanunun ayrı-ayrı maddələri ilə tənzimlənə bilməz. Ona görə də, bu sahəyə aid ayrıca qanunun qəbul olunması vacibdir".

Avropa Parlamentlərarası Forumun baş katibi Nil Datta bildirib ki, reproduktiv sağlamlıq gələcək nəsillərə təsir göstərir, ona görə də bu sahəyə ciddi diqqətin göstərilməsi vacibdir.

"Azərbaycan özünün milli xüsusiyyətlərinə və adət-ənənələrinə uyğun olan qanun qəbul etməlidir. Qanun hazırlanan zaman milli xüsusiyyətlərin və adət-ənənələrin nəzərə alınması onun gələcəkdə həyata keçirilməsi baxımından vacib məsələdir", - deyə o əlavə edib.

Parlamentin Sosial-siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, reproduktiv sağlamlığın və ailə planlaşdırılmasının hüquqi tənzimlənməsi vacibdir. Onun sözlərinə görə, parlamentdə yaradılan işçi qrup artıq reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsi üzərində işi yekunlaşdırıb. "Qanun layihəsi Parlamentin payız sessiyasının gündəliyinə daxil edilib və müzakirə edilməsi nəzərdə tutulub", - deyə Rəcəblı bildirib.

Qanun layihəsinin müəllifi, Sosial-siyasət daimi komissiyasının üzvü Məlahət Həsənova bildirib ki, əhalinin sağlamlığının, o cümlədən reproduktiv sağlamlığın qorunması tibbi məsələ olmaqla yanaşı, eyni zamanda hüquqi vasitələrlə tənzimlənməsi zəruri olan dövlətin sosial siyasətinin tərkib hissələrindən biridir: "Bu sahədə ciddi hüquqi tənzimləmə olmadan problemlərin həllinə tam şəkildə nail olmaq mümkün deyil. Bu qanunun qəbul olunması Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi deməkdir. Reproduktiv sağlamlıq insanların nəsilartırma qabiliyyətinə, təhlükəsiz reproduktiv həyat yaşamasına, istənilən vaxt və istənilən sayda sağlam və arzuolunan uşağın doğulmasına imkan yaradır".

Onun fikrincə, bu sahədə olan problemlərə kompleks yanaşmanı nəzərdə tutan qanunun olmaması sosial sahədə ciddi boşluqlar yaradır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: trend

Xəbər lenti

Xəbər lenti