Azərbaycan, Bakı, 24 noyabr / Trend müxbir S. Kazımlı / Bakıda barəsində axtarış elan olunan qadın polis tərəfindən saxlanılıb. Saxlanılan şəxs biznes qurmaq adı ilə xeyli miqdarda pul mənimsəməkdə təqsirli bilinir. Bu barədə Xətai rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend - a məlumat verilib.
RPİ-dən bildiriblər ki, 35 - ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində, noyabrın əvvələrində barəsində Azərbaycan Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.2.4 - cü) maddəsi ilə axtarış verilən 1982 - ci il təvəllüdlü Lalə Eldar qızı Məmmədova bazar günü polislər tərəfindən saxlanılıb. Məmmədova biznes qurmaq adı ilə vətəndaşlardan 10 min dollar alıb mənimsəməkdə təqsirli bilinir.
Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]