Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir S.Kazımlı / Bakıda axtarışda olan şəxs tutulub. Tutulan şəxs dələduzluq yolu ilə vətəndaşların pulunu alıb mənimsəməkdə təqsirli bilinir. Bu barədə Trend -a Suraxanı rayon Polis İdarəsinin (RPİ) 30-cu polis bölməsindən məlumat verilib.
Suraxanı RPİ-nin 30 - cu polis bölməsi əməkdaşları keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.2.4-cü) maddəsi ilə barəsində axtarış elan olunan 1962-ci il təvəllüdlü Faiq Əkrəm oğlu Qədirli bazar ertəsi Mastağa qəsəbəsində tutularaq istintaqa təhvil verilib.
Polis bölməsindən bildiriblər ki, Qədirli Bakı şəhərində ev alqı- satqısı ilə məşğul olub. Bununla yanaşı o, özünü vətəndaşlara vəkil kimi də təqdim edirmiş. Qədirli Yasamal sakinlərinin birinə ev satmaq adı ilə Suraxanı rayonunda yerləşən evlərin birini göstərib və beh kimi ondan 6500 manat pul alaraq mənimsəyib. Zərərçəkən hadisə haqda polisə şikayət edəndən sonra faktla bağlı qeyd olunan maddə ilə cinayət işi başlanılıb, oktyabrın 10-dan isə Qədirli barəsində axtarış elan olunub.
Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]