Gürcüstan, Tbilisi, 14 fevral / Trend , müxbir N.Kirtsxaliya/ "Meqafon" Rusiya mobil rabitə şirkətinin Gürcüstan ərazisində lisenziyasız fəaliyyəti Moskva tərəfindən Gürcüstana qarşı anneksiyanın daha bir komponentidir. Bu haqda Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.
"Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "Meqafon" mobil rabitə şirkəti Gürcüstanın işğal olunmuş ərazilərində qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğuldur ki, bu da suveren Gürcüstanın işğal olunmuş ərazilərində kommersiya məqsədləri ilə telekommunikasiya əlaqələrinin qurulmasında təzahür olunur", - bəyantda bildirilir.
Gürcüstanın Ədliyyə Nazirliyinin Baş Prokurorluğu Rusiya Federasiyasının Baş Prokurorluğuna ərizə ilə müraciət edib. Beynəlxalq sənədlərə, əsasən də "cinayət işləri üzrə qarşılıqlı yardım haqqında" Avropa konvensiyasına əsaslanaraq Gürcüstan tərəfi "Meqafon" şirkətinin yuxarıda qeyd olunmuş qeyri-qanuni fəaliyyəti ilə bağlı hüquqi yardım göstərməyi xahiş edib.
"RF Baş Prokurorluğunun 31 dekabr 2008-ci il cavab məktubuna əsasən, Rusiya rəhbərliyi belə hüquqi yardımı göstərməklə bağlı ərizəni qəbul etməkdən imtina edib", - XİN-in bəyanatında deyilir.
Gürcüstanın xarici siyasət qurumunun bəyanatına görə, bu fakt Moskva tərəfindən Gürcüstan ərazilərinə qarşı həyata keçirilən anneksiyanın daha bir komponentidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]