...

Azərbaycanın müxalifyönlü partiyası Türkiyə səfirliyi qarşısında icazəsiz piket keçirib

Siyasət Materials 14 Aprel 2009 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifyönlü Müasir Müsavat Partiyasının Türkiyə-Ermənistan sərhədinin açılma ehtimalına etiraz olaraq Türkiyə səfirliyi qarşısında çərşənbə axşamı icazəsiz piketi baş tutub.

Trend -un hadisə yerində olan əməkdaşının məlumatına görə, partiyanın 30 əməkdaşı aksiyada iştirak edib. Aksiyada "Erməni faşistlərinə sərhəd açılmaz", "Arkadaş sərhədi qoru", "Qardaşa arxa olaq" və "Türkiyə, daha müdrik ol" kimi şüarlar səsləndirilib.

Piketdə partiyanın qəbul etdiyi qətnamə oxunub. Qətnamədə deyilib ki, Dağlıq Qarabağ işğaldan azad olunmayana qədər, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Ermənistanla sərhədlərin açılması yolverilməzidr. "Bu addım reallaşarsa, bütün türk dünyasına xəyanət olar" - qətnamədə deyilib. Piketin sonunda qətnamə səfirliyə təqdim olunub.

Bakı Şəhər İcra Hakimiyyəti səfirlik qarşısında etiraz aksiyasının keçirilməsinə icazə verməyib.

Trend -un arayışı: Türkiyə və Ermənistan 1993-cü ildən kəsilmiş əlaqələrini normallaşdırmaq istəyirlər. Əlaqələrin kəsilməsinə səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Türkiyənin müxtəlif dairələrinin nümayəndələrinin fikrincə, Ermənistanla sərhədlər açılacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Müasir Müsavat Partiyası 2000-ci ildə Hafiz Hacıyev tərəfindən təsis edilib və 2002-ci ildə qeydiyyatdan keçib. Hacıyev 1992-93-cü illərdə "Azərbalıq" Dövlət Konserninin sədri olub. Əvvəllər Azərbaycan Xalq Cəbhəsində, Müsavat Partiyasında təmsil olunub.

Partiya özünü konstruktiv müxalifət hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti