...

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 15 Aprel 2009 18:39 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərinin etimadnaməsini qəbul edib. Çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Əl-Düsəri Azərbaycana səfir təyin olunmasından böyük şərəf duyduğunu, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Dövlətimizin başçısı Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, qarşılıqlı əlaqələrin möhkəmlənməsində bu görüşlərin əhəmiyyətini qeyd edib.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərdə dostluq və tərəfdaşlıq ruhunun olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməkdə davam etdiklərini vurğuladı.

Səfirə Azərbaycandakı fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ölkəmizdəki fəaliyyəti müddətində əlaqələrimizin daha da genişlənməsində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləzizin salamlarına görə minnətdarlığını bildirib, öz salamlarını da Səudiyyə Ərəbistanının Kralına çatdırmağı yeni səfirdən xahiş edib.

Xəbər lenti

Xəbər lenti