...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Siyasət Materials 21 May 2009 17:42 (UTC +04:00)
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirib.

DİN-in mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, dəstə üzvlərindən ümumilikdə 121 kiloqramdan çox müxtəlif tərkibli narkotik vasitə götürülüb.

Cinayətkar dəstələrdən birinin üzvü olan İran vətəndaşları - 31 yaşlı Behzad Əmiri və 28 yaşlı Rəhman Zəmani saxlanılıblar. Onların üstündən və kirayədə yaşadıqları mənzildən üst-üstə 13 bağlamada 26 kiloqram 147 qram heroin, 70 bağlamada 13 kiloqram 935 qram həşiş, 9 bükümdə 5 qram kokain və 1,2 qram tiryək tapılıb. Dəstə üzvləri istintaqa ifadələrində narkotik vasitənin Abuzər adlı həmyerlilərinə məxsus olduğunu bildiriblər. Şəxsiyyəti istintaq tərəfindən araşdırılan həmin İran vətəndaşı narkotikanı 26 ədəd ütüləmə lövhəsində gizlədərək qaçaqmalçılıq yolu ilə ölkəmizə göndərib.

Behzad Əmiri və Rəhman Zəmani ütüləmə lövhələrini qəbul etdikdən sonra Nərimanov rayonundakı Xan Şuşinski küçəsində kirayədə yaşadıqları mənzildə gizlədiblər.

İstintaqla müəyyənləşdirilib ki, Abuzər, Behzad Əmiriyə zəng vuraraq 4 bağlamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfərə verməyi tapşırıb. Sonuncu isə narkotikanı görüş yerinə gətirməyi Rəhman Zəmaniyə həvalə edib.

Bu zaman həm Behzad Əmiri, həm də Rəhman Zəmani polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. Narkotik vasitələrin əsas hissəsi isə onların kirayədə yaşadıqları mənzildən götürülüb.

İkinci dəstənin isə dörd üzvü - Astara rayon sakini 36 yaşlı İsrafil Muqdilov, Bakı şəhər sakinləri 34 yaşlı Elçin Məmmədov və 54 yaşlı Rəşad Rzayev və İran vətəndaşı 30 yaşlı Behruz Rəvan Bud saxlanılıb. Onlardan 81 kiloqram 236 qram tiryək götürülüb.

İstintaq araşdırmaları ilə narkotik vasitənin Azərbaycana qaçaqmalçılıq yolu ilə İsrafil Muqdiliovun tanışı, qonşu ölkənin şəxsiyyəti hələlik istintaqa bəlli olmayan Səid adlı vətəndaşı tərəfindən Xəzər dənizi vasitəsilə motorlu qayıqla 2 silahlı şəxsin müşaiyəti ilə göndərildiyi məlum olub. Cinayətkarlar bir-birilərinin yerini müəyyənləşdirmək üçün əvvəlcədən İsrafil Muqdilova CPS tipli naviqasiya aparatı göndəriblər. Sonuncu həmin qurğu vasitəsilə silahlı qaçaqmalçılarla əlaqə yaradaraq narkotik vasitəni qəbul edib və dənizin kənarında əvvəlcədən qazıb hazırladığı yerdə gizlədib.

Mayın 19-da Behruz Rəvan Bud ona zəng edərək narkotik vasitələr üçün Bakıdan 2 nəfərin göndərildiyini bildirib.

Hər iki faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti