Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.Tariverdiyeva /
Ermənilərin güclü dünya lobbisi ilə Ermənistan rəhbərliyinin qarşıdurması ölkənin siyasi və iqtisadi durumuna mənfi təsir edəcək, eksperlər hesab edir.
"Erməni diasporu həqiqətən də böyük gücə malikdir, həm Fransa, həm də Amerikada yaxşı təşkil olunub, - Qafqaz üzrə britaniyalı ekspert Ziba Norman hesab edir. - Diaspor regiondakı durumu nəzərə almır və onların lobbiçilik səyləri erməni xalqı qarşısında duran iqtisadi mübarizəni və Qafqazın çətin və sabit olmayan reallıqlarını nəzərə ala bilməzdi".
Ölkə rəhbərliyinin hazırkı siyasəti erməni lobbisinin başadüşülən narazılığına səbəb olur. "Erməni diasporunun nümayəndələri Ermənistanın problemləri ilə yaşamalıdırlar", - Xristian-Demokratik İttifaqın (XDİ) sədri, sabiq Baş nazir və erməni parlamentinin sabiq spikeri Xosrov Arutyunyan deyib, АRКА agentliyi xəbər verir.
Arutyunyan həmçinin qeyd edib ki, diaspor Ermənistanın eyni zamanda həm sərvəti, həm də problemidir.
Ölkə daxilində baş verən proseslər, əsasını ABŞ-dakı erməni diasporunun təşkil etdiyi dünya erməni lobbisinin hökumətlə münasibətlərinin getdikcə pisləşməsindən xəbər verir. Diasporun əsas məqsədi 1915-ci il erməni "soyqırımı"nın beynəlxalq aləmdə tanınması, Dağlıq Qarabağın özünü müəyyən etməsi və Gürcüstandakı erməni icmalarının hüquqlarının qorunmasıdır.
"Avroviziya 2009" müsabiqəsində Ermənistan nümayəndələri finalda yalnız 10-cu pillədə qərarlaşdılar. Erməni müğənnilərinin əvvəlki çıxışlarını analiz etsək, bunun ölkə rəhbərliyinin "soyqırım" və Dağlıq Qarabağ məsələləri ilə bağlı siyasətinin nəticəsindən başqa bir şey olmadığı aşkar olar", - Armenia Today "Aykakan Jamank" qəzetinə istinadən xəbər verir. Nəşrin fikrincə, bu dəfə Ermənistana böyük erməni diasporlarının yaşadığı ölkələr də yüksək bal vermədi.
Etibarlı mənbələrdən alınan məlumata görə, bu il ermənilərin Ermənistana səs verməməsi üçün xüsusi lobbinq keçirilib. "Lobbinqin açıqlaması isə bir olub - onlar torpaqları satır, "soyqırım"dan imtina edirlər", - qəzet yazır.
Müşahidəçilərin fikrincə, Sarkisyanın həm ölkədaxili, həm də diaspora ilə münasibətləri çox pis durumdadır. Türkiyə ilə diplomatik münasibətlərin qaydaya salınması siyasəti ilə razılaşmadığından, "Daşnaksütyun" partiyası hakim koalisiyadan çıxaraq müxalif qüvvələrin tərəfinə keçdiyini bəyan edib.
Partiyanın milli istiqaməti və onun dünya erməni lobbisi ilə sıx münasibətlərini nəzərə alaraq söyləmək olar ki, "Daşnaksütyun" hazırkı hökumət üçün potensial ciddi rəqibdir.
"Erməni hökumətinin prioritetlərinin heç də həmişə erməni diasporunun mövqeyinə uyğun gəlmədiyi aydındır", - Cənubi Qafqaz üzrə avropalı ekspert Amanda Akçakotsa hesab edir.
Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ məsələsindəki irəliləyişlər işində vəziyyət məhz belədir.
Son bir ildə Azərbaycan və Ermənistan prezidentləri mütəmadi görüşlər keçirib. Sonuncusu mayın 7-də Praqada, Aİ-nin "Şərq tərəfdaşlığı" sammiti zamanı baş tutub. Sammitə dəvət olunmuş prezidentlər ABŞ səfirliyində görüşüb, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.
Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında futbol üzrə Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.
Azərbaycanlı politoloq Tofiq Abbasovun fikrincə, Sarkisyanla diaspor arasındakı qarşıdurmanın səbəbi əsas problemlər üzrə fikir ayrılığıdır.
"Diaspora liderlərinin fikrincə, hakimiyyətin xarici siyasət qərarları spektrinə "geriyə bir addım belə atmamaq" prinsipi rəhbərlik etməlidir", - Trend -a "Lider TV"-nin analitik qrupunun azərbaycanlı eksperti Abbasov deyib.
Ekspertin fikrincə, rəsmi Yerevanın addımlarındakı istənilən konstruktivlik diasporun maraqlarına ziddir. "Buna görə də xarici mərkəzlər Sarkisyanı dönüklülükdə ittiham edir", - o hesab edir.
"Bu durum tərəflər arasındakı fikir fərqliliyini dərinləşdirir və ermənidaxli münaqişədəki tərəflərin yaxınlaşması mövqelərin sərtləşdirilməsi qədər çox ehtimal olunmur", - Abbasov deyib.
Ziba Normanın fikrincə, müxalifət, daha doğrusu onun lideri Levon Ter-Petrosyan, erməni lobbisinin ölkə xaricində qaldırdığı məsələlərdən qorxu saçmaq üçün məhz sülhün mümkünlüyünə inam və əminlik lazım olan zamanda istifadə edir.
"Bu siqnalın qəbulu çox böyük məsuliyyətsizlikdir və Ter-Petrosyanın bu yanaşmanı niyə seçməsi sualı yaranır", - Trend -a elektron poçtla Transatlantik institutun (London) direktoru Norman deyib.
Müşhaidəçilərin fikrincə, erməni diasporunun belə gücü və nüfuzluluğu Ermənistandakı zərif iqtisadi sistemlə şərtlənir.
Abbasovun fikrincə, xarici lobbi dairələri üçün siyasidən çox, bu problemlərin kommersiya tərəfi daha vacibdir.
"Diasporun liderləri Yerevanın milli kursunu, Türkiyə və Azərbaycana qarşı erməni terroruna on illərlə sponsorluq edən donorların maraqları nəzərə alınan planlara uyğun hərəkət edirlər", - o bildirib.
Akçakotsanın fikrincə, erməni diasporu Ermənistan hökumətinə çox böyük təsir qüvvəsinə malikdir. Buna səbəb üç milyondan bir az çox əhaliyə malik ölkənin iqtisadi cəhətdən kasıb olmasıdır. Diaspordakı ermənilərin sayı isə bundan iki dəfə çoxdur. Lobbi nümayəndələri daha varlı və yüksək vəzifələr tutan intellektual cəhətdən güclü ermənilərdir.
"Bununla yanaşı, erməni diasporu Ermənistan iqtisadiyyatına fəal şəkildə sərmayə qoyur və hazırda ölkə büdcəsinin təxminən yarısına cavabdehlik daşıyır", - Trend -a elektron poçtla Avropa Siyasət Mərkəzinin (Belçika) eksperti Akçakotsa deyib.
Müşahidəçilərin fikrincə, məhz erməni diasporunun ölkənin siyasi kursu ilə sıx əlaqəsi Qafqaz regionundakı münasibətlərin qaydaya salınması üzrə bir çox məsələləri dayandırır.
"Ermənistanla diaspora arasında asılılıq zəiflədilə bilərsə, regiondakı proseslər daha tez həll oluna bilər. Ancaq bunun yaxın zamanlarda başvermə ehtimalı çox azdır", - Akçakotsa bildirib.
Materialın hazırlanmasında iştirak ediblər: V.Javoronkova, Е.Оstapenko.