...

Baş Prokurorluğun müstəntiqi Gəncədəki cinayətkar qrupun istintaqından kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatları təkzib edir

Siyasət Materials 12 İyun 2009 16:15 (UTC +04:00)
Baş Prokurorluğun müstəntiqi Gəncədəki cinayətkar qrupun istintaqından kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatları təkzib edir

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir K.Zərbalıyeva /  

Baş Prokurorluğun müstəntiqi Nadir Mirzəyev, özünün 2003-2004-cü illərdə Azərbaycanda sifarişli qətllər törətməkdə təqsirli bilinən Şöhrət Quliyevin başçılıq etdiyi cinayətkar qrupun istintaqından kənarlaşdırılması barədə APA-nın yaydığı məlumatları təkzib edir.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev cümə günü Trend -a bildirib ki, "Azəri-Press" İnformasiya Agentliyi (APA) ictimaiyyətə növbəti dəfə həqiqətə uyğun olmayan informasiya verib və mətbuatda istintaqın gedişatı və dövlət qulluğunda çalışan məmurların nüfuzuna xələl gətirə biləcək yalan məlumatlar yayıb.

Müstəntiq bildirib ki, 2003-cü il dekabrın 18-də Bakı şəhər sakini Əhməd İbrahimovun naməlum şəxs tərəfindən odlu silahdan qəsdən öldürülməsi faktı üzrə başlanmış cinayət işi 09 fevral 2005-ci il tarixdən onun icraatında olub.

Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində həmin cinayətin, eyni zamanda 2004-cü il martın 24-də Gəncə şəhər sakini Kamal Ələkbərovun naməlum şəxslər tərəfindən odlu silahla qəsdən öldürülməsi cinayətinin üstünün açılması təmin olunub və həmin cinayətlərin Gəncə şəhər sakini Şöhrət Quliyevin sifarişi ilə onun rəhbərlik etdiyi cinayətkar qrup tərəfindən törədilməsi təkzibedilməz dəlillərlə sübuta yetirilib.

Mirzəyev bildirib ki, cinayətkar qrupun üzvləri Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müstəntiqin sözlərinə görə, qeyd edilən cinayətkar qrupun üzvləri tərəfindən törədilməsi ehtimal edilən, Gəncə şəhərində 2002-ci ildən 2008-ci ilə qədər olan dövr ərzində bağlı qalmış 6 qəsdən adam öldürmə faktları üzrə başlanmış cinayət işləri tələb edilərək bir icraatda birləşdirilib və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun rəhbərliyi ilə 13 nəfər təcrübəli müstəntiqdən ibarət yaradılmış vahid istintaq qrupu tərəfindən həmin cinayətlərin açılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

"Hazırda qeyd edilən vahid istintaq qrupunun tərkibindəyəm və Əhməd İbrahimov və Kamal Ələkbərovun qəsdən öldürülmələri epizodu üzrə işin istintaqı tərəfimdən davam etdirilir", - deyə müstəntiq vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti