...

Polşa Azərbaycanın böyük Avropa ailəsində vacib üzv-dövlət olmasını istəyir – Prezident Lex Kaçinski ilə MÜSAHİBƏ

Siyasət Materials 1 İyul 2009 18:38 (UTC +04:00)
Polşa Azərbaycanın böyük Avropa ailəsində vacib üzv-dövlət olmasını istəyir – Prezident Lex Kaçinski ilə MÜSAHİBƏ

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir Y.Оstapenko /

Trend -un Avropa redaksiyasının Polşa Respublikasının Prezidenti Lex Kaçinski ilə, onun 2-3 iyulda Bakıya səfərindən əvvəl müsahibəsi

- Hazırkı Polşa-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz? Sizin fikrinizcə, hansı əməkdaşlıq sahələri daha prioritetdir?

- Polşa Azərbaycanı bir sıra sahələrdə münasibətlərin strateji tərəfdaşlıq formasını qazanmış çox vacib tərəfdaş kimi nəzərdən keçirir. İlk növbədə enerji sektoru, həmçinin iqtisadiyyat və mədəniyyət sahələrindəki birgə layihələrimizin realizəsinə çox ümid edirəm.

Hazırda LOTOS, PKN Orlen, Polska Wytwórnia Papierów Wartościowych (Dövlət Qiymətli Kağızların Tipoqrafiyası) və bir neçə Polşa şirkəti Bakıda layihələrin həyata keçirilməsində maraqlıdır. Bizim əməkdaşlığımız regional və qlobal problemləri qarşılıqlı anlaşmamıza əsaslanır. Biz Azərbaycanı onun öz ərazi bütövlüyünü saxlamaqda və narazılıqların sülh yolu ilə həlli səylərində dəstəkləyirik.

Avropa inteqrasiyası, Avroatlantik və beynəlxalq əməkdaşlıq bizim əməkdaşlığımızın heç də az əhəmiyyət kəsb etməyən sahələridir. Biz Azərbaycanı Aİ, NATO və ÜTT ilə münasibətlərin möhkəmləndirilməsinə istiqamətləndirilmiş səylərində dəstəkləyirik.

Biz ümid edirik ki, Azərbaycan rəhbərliyi bizim inteqrasiya və texniki dəstək təcrübəmizdən yararlanmağı lazım biləcək. Biz Azərbaycanın böyük Avropa ailəsində vacib üzv-dövlət olmasını istəyirik.

- Azərbaycana səfəriniz zamanı danışıqların əsas mövzuları hansılar olacaq?

- Prezident İlham Əliyev əla həmsöhbətdir; mən onunla münasibətdən həm zövq alıram, həm də bu mənim üçün "intellektual çağırışdır".

Bizim danışıqlarımız Prezident İlham Əliyevin 2008-ci ilin fevralında Polşaya etdiyi son səfərindən sonra baş verən hadisələrin yekunlarına həsr ediləcək. O vaxtdan bu günədək çox şey baş verib: Gürcüstan müharibəsi, qaz böhranı və iqtisadi böhran.

Həmçinin iqtisadiyyat və mədəniyyət sahələrində müzakirə ediləcək bir sıra məsələlər və müzakirəsi vacib olan digər məsələlər də var.

- Sizcə, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrimizin mövqeləri hansı məsələdə oxşardır?

- Polşa dəyişməz olaraq Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə həlli tərəfindən çıxış edir. Mən dəfələrlə Azərbaycan və Gürcüstan nümunəsi də daxil olmaqla, dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyimi bildirmişəm.

Biz hesab edirik ki, bu münaqişə yalnız bu əsasda həll oluna bilər. Mən ümid edirəm ki, uzun illərdir münaqişənin sülh yolu ilə həlli prosesinə fəal şəkildə cəlb olunan ATƏT-in Minsk qrupunun səyləri son nəticədə hiss ediləcək və müsbət nəticələrə gətirib çıxaracaq.

- Azərbaycan digər beş postsovet ölkəsi ilə yanaşı, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirak edir. Polşanın təcrübəsi Azərbaycana Aİ ilə əməkdaşlıqda yardımçı ola bilərmi?

- Bir müddət əvvəl də dediyim kimi, söhbət Aİ-yə inteqrasiya proseslərindən düşəndə, Polşa özünün böyük təcrübəsini Azərbaycana təklif edə bilər. Biz artıq Azərbaycanın dövlət və yerli administrasiya orqanlarının nümayəndələri üçün bir sıra tədris proqramları və təcrübələri həyata keçirməyə başlamışıq. Avropa strukturları ilə yaxınlaşma böyük səylər tələb edir və Polşa bu prosesə kömək etmək istərdi.

"Şərq tərəfdaşlığı" proqramı bu növ əməkdaşlığın yalnız Aİ-yə münasibətdə deyil, həmçinin proqramda iştirak edən digər ölkələrə münasibətdə də inkişafına imkanlar yaradır. Mən hesab edirəm ki, bu proqram eyni zamanda həm imkan, həm də çağırışdır. "Şərq tərəfdaşlığı"nın iştirakçı ölkələrinin onlara yaradılan imkanlardan nə qədər xeyir əldə edə biləcəyi, daha çox onların özlərindən asılı olacaq.

- Azərbaycanın Avropaya enerji resursları tədarüklərinin diversifikasiyasındakı rolunu necə qiytmələndirirsiniz?
 
- Azərbaycan Xəzər regionundan Avropaya enerji resurslarının tədarükü üçün Avropa-Asiya nəqliyyat dəhlizində vacib rol oynayır.

Bizim ölkələrimiz bir hissəsi Odessa-Brodı-Plotsk-Qdansk boru kəmərindən ibarət olan bu layihədə iştirak edirdilər. Artıq biz atılmış bir sıra konkret addımların adlarını çəkə bilərik: "Sarmatiya" İB-nin formalaşdırılması, layihənin hazırlanması və texniki-iqtisadi əsaslılığının təsdiqlənməsi. İndi biz kəmərin Brodıdan Plotska qədər çatışmayan hissəsinin tikintisi haqqında qərar qəbul etməliyik.

Azərbaycan bu sahədə etibarlı tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri bir neçə ildir ki, uğurla fəaliyyət göstərir. Mən ümid edirəm ki, biz də yaxın zamanlarda Azərbaycan neftini Polşa və Avropa zavodlarına nəql etmək iqtidarında olacağıq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti