...

Azərbaycan paytaxtında qanunsuz tikililərin sökülməsi zamanı baş vermiş insidentlə bağlı 4 nəfər inzibati qaydada həbs edilib

Siyasət Materials 12 Avqust 2009 18:11 (UTC +04:00)
Azərbaycan paytaxtında Binəqədi rayonunun Xocahəsən bələdiyyəsinin ərazisində qanunsuz tikililərin sökülməsi zamanı hakimiyyət nümayəndələrinə xəsarət yetirmə faktı ilə əlaqədar 4 nəfər inzibati qaydada həbs edilib.
Azərbaycan paytaxtında qanunsuz tikililərin sökülməsi zamanı baş vermiş insidentlə bağlı 4 nəfər inzibati qaydada həbs edilib

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında Binəqədi rayonunun Xocahəsən bələdiyyəsinin ərazisində qanunsuz tikililərin sökülməsi zamanı hakimiyyət nümayəndələrinə xəsarət yetirmə faktı ilə əlaqədar 4 nəfər inzibati qaydada həbs edilib.

Trend -un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Ziyamin İbrahimov, Rafiq Hüseynov, Cuma Qulamov və Afət Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən inzibati həbs seçilib.

Avqustun 5-də Binəqədi rayonunun Xocahəsən bələdiyyəsinin ərazisində ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək daş və digər əşyalarla onlara xəsarət yetiriblər.

Nəticədə ARDNŞ işçilərindən və polis əməkdaşlarından 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin torpaq üzərində mülkiyyət hüququnu pozma (188), müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma (222-2.1) və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315.2) maddələri ilə cinayət işi açılıb.

Sultanov bildirib ki, hadisənin şahidləri müəyyən edilərək istintaqa cəlb olunub, məhkəmə-tibbi ekspertizalar keçirilərək müvafiq rəylər alınıb, zəruri üzləşdirmələr aparılıb və digər istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Cinayət işi üzrə Elçin Həsənov, Qurban Xudiyev və Mais Muxtarov Cinayət Məcəlləsinin 222-2.1 və 315.2-ci maddələri ilə, Məhəmməd Loğmanov, Asif Abbasov və Ramal Kərimov Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayəti törətmiş digər şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti