Fransa, Strasburq, 2 oktyabr / Trend , müxbir A.Məhərrəmli/
Fransa Avropa İttifaqının birgə enerji siyasətinin qəbul edilməsində maraqlıdır. Bu fikirləri cümə axşamı AŞ PA-nın payız sessiyası çərçivəsində jurnalistlərə Fransanın Avropa Məsələləri üzrə naziri Pyer Löluş (Pierre Lellouche) deyib.
"Fransa ümid edir ki, Avropa İttifaqının üzləşdiyi institusional problem tezliklə öz həllini tapacaq və cari ilin sonuna qədər bizi ən azı 15 ildir düşündürən və narahat edən bu fəsli bağlamağa nail olacağıq. Aİ-nın birgə enerji siyasətindən başlamaqla Avropa vətəndaşlarının gözlədiyi əsas məsələlərlə məşğul olmasının vaxtı çatıb. Fransa tərəfi bu məsələ üzərində çox işləyir və ona xüsusi diqqət göstərir", - deyə Franalı nazir bildirib.
O, qeyd edib ki, birgə enerji siyasətində qaz bölməsi önəmli yer tutur. Bu gün Avropa Şurasında Fransanın münbit bir vaxtda təqdim edəcəyi təkliflərin detallarına varmaq istəmirəm. Əvvəlcə, Lissabon müqaviləsinin qəbul edilməsini gözləyək. Bundan sonra birgə enerji siyasətinin hansı formada həyata keçirilməsi haqqında düşünmək olar.
İrlandiyanın Lissabon müqaviləsini qəbul etməsi ilə bağlı məsələyə münasibət bildirən Fransalı nazir qeyd edib ki, mən respublikaçıyam. İrlandiya xalqının suveren seçim haqqına inanıram. Mən bununla bağlı heç bir şərh verməyəcəm. Mən İrlandiyaya səfər etmişəm və onların bu məsələ ilə bağlı müzakirələrini dinləmişəm. Bir neçə saatdqn sonra (oktyabrın 2-də) onlar ikinci dəfə Lissabon müqaviləsinə səs verəcəklər. Biz bundan nəticə çıxaracağıq. Deyə bilərəm ki, Fransa tərəfi bu məsələ üzərində çox işləyib. Təkrar səsvermə mümkündürmü? Biz İrlandiyaya bu məsələdə ehtiyacı olduğu təminatları əldə etməkdə yardım etdik, o cümlədən ailə hüququ və neytrallıq məsələsində. Bunaların qənaətbəxş formada həll olunmasına çalışdıq. Təkrar səsvermənn nəticələrini gözləyək.
Qeyd edək ki, İrlandlar Avropa İttifaqında islahatların aparılmasını nəzərdə tutan Lissabon müqaviləsini birinci səsvermədə təsdiq etməmişdilər. O zaman ekspertlər Avropanın gələcəyi üçün mühüm olan, eləcə də onun fəaliyyətini yaxşılaşdırmağa imkan verən bu müqaviləyə dair İrlandiyada təkrar səsvermənin olacağı proqnozu vermişdilər.
İrlandiya Respublikasında Avropa İttifaqı təsisatlarında islahatların aparılması üzrə Müqavilənin-sadələşdirilmiş Lissabon müqaviləsinin təsdiqinə dair təkrar səsvermə ari ilin 2 oktyabrında keçiriləcək. Sənəd 2005-ci ildə Niderland və Fransanın referendumda rədd etdiyi Avropa İttifaqı Konstitusiyasını əvəz edir.
Lissabon müqaviləsini Ai-nın 27 üzv dövlətlərinin hər biri təsdiq etməlidir. Bu müqaviləni yalnız İrlandiya referenduma çıxarıb.