...

Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkilərinə hazırlığın gedişindən razıdır

Siyasət Materials 3 Noyabr 2009 14:06 (UTC +04:00)
“Namizədlərin irəli sürülməsi prosesində bölgələrdə müəyyən problemlər yaradılsa da, indiyədək ciddi qanun pozuntuları ilə üzləşməmişik”, - çərşənbə axşamı Trend News-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Azərbaycan, Bakı, 03 noyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkilərinə hazırlığın gedişindən razıdır.

"Namizədlərin irəli sürülməsi prosesində bölgələrdə müəyyən problemlər yaradılsa da, indiyədək ciddi qanun pozuntuları ilə üzləşməmişik", - çərşənbə axşamı Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Cəlaloğlunun sözlərinə görə, təmsil olunduqları "Qarabağ və Respublika Uğrunda Hərəkat"da yaranan böhran bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi zamanı müəyyən problem yaradıb. "Biz 400 nəfər yaxın partiya üzvünün bələdiyyələrə namizədliyinin irəli sürülməsini planlaşdırırdıq. Amma təmsil olunduğumuz hərəkatda böhran yaranandan sonra bu rəqəm yarıbayarı azalıb. Ona görə təxminən 150 nəfərə qədər üzvümüz bələdiyyə seçkilərində iştirak etmək üçün razılığını verib", - partiya sədri əlavə edib.

ADP sədri deyib ki, artıq 60-a qədər partiya üzvü sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim edib. "Onların 30-a yaxını imzalarını toplayaraq təhvil verib, qalanları da prosesə qoşulacaq", - Cəlaloğlu vurğulayıb.

Onun fikrincə, partiya bələdiyyə seçkilərində çox aşağı səviyyədə iştirak edəcək. "Bunun əsas səbəbi partiya olaraq bələdiyyələrə əhəmiyyət verməməyimizdir. Digər səbəb isə kiçik bələdiyyələrin yerləşdikləri ərazilərdə təşkilatlarımızın olmamasıdır", - ADP sədri xatırladıb.

Cəlaloğlu bəzi partiyaların bələdiyyə seçkilərində iştirak edəcək üzvlərinin sayı ilə bağlı açıqladıqları rəqəmlərin həddən artıq şişirdildiyini də qeyd edib. "Elə patiya var ki, 30 nəfər üzvü yoxdur, yaxud bir tədbir keçirə bilməyib, amma seçkilərdə partiya kimi iştirak etdiklərini söyləyirlər. Halbuki imzatoplama kampaniyasının gedişində məlum olur ki, bu məlumatlar tamamilə yalandır", - ADP sədri vurğulayıb.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulmasu ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti