...

Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş üçün hüquq və azadlıqlar təmin edilib – Prezident İlham Əliyev

Siyasət Materials 7 Noyabr 2009 11:11 (UTC +04:00)
Bu gün respublikamızda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşı üçün beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlar təmin edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Rus İcmasının III qurultayının iştirakçılarına müraciətində deyilir.
Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş üçün hüquq və azadlıqlar təmin edilib – Prezident İlham Əliyev

Bu gün respublikamızda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşı üçün beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlar təmin edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Rus İcmasının III qurultayının iştirakçılarına müraciətində deyilir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident deyiv ki, "Cənubi Qafqazda ən böyük rus icmasının məhz bizim ölkəmizdə yaşaması Azərbaycanda tarixən mövcud olan etnik-dini tolerantlığın və millətlərarası münasibətlərin sivil normalarla tənzimlənməsinin bariz nümunəsidir".

Prezident İlham Əliyev müraciətində qeyd edib ki, Azərbaycandakı rus əhalisi azad şəkildə öz mili-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub saxlaya bilər.

"Bütün milli azlıqlar kimi, rus əhalisi də mövcud demokratik hüquqi şəraitdən hərtərəfli yararlanmaqla, azad şəkildə öz mili-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub inkişaf etdirməkdədir. İctimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həyatın bütün sahələrində geniş təmsil olunan ruslar ölkədə gedən böyük yenidənqurma və quruculuq işlərində, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində yaxından iştirak edirlər", - müraciətdə deyilir.

Azərbaycan Prezidenti rusların torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizədəki xidmətlərini xüsusilə qeyd edib.

"Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, rus vətəndaşlarımız torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda da əsl vətənpərvərlik nümunələri göstərmişlər. Azərbaycanın ərazi bütövlüyü naminə canlarını fəda etmiş Milli Qəhrəmanlar - Yuri Kovalyov, Yevgeni Karlov, Viktor Seryoqin, Sergey Senyuşkin kimi qeyrətli oğullarımızın əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunur", - müraciətdə deyilir.

Prezident İlham Əliyev qeyd edib ki, rus dili Azərbaycanda vacib yer tutmaqda davam edir.

"Bir sıra MDB ölkələrindən fərqli olaraq, müstəqillik qazandıqdan sonra Azərbaycanda rus dilindən istifadəyə və bu dildə təhsilə heç bir məhdudiyyət qoyulmamışdır. Hazırda respublikamızda rus dilində onlarla orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqlarında rus bölmələri, zəngin elmi-pedaqoji ənənələri olan Bakı Slavyan Universiteti, Dövlət Rus Dram Teatrı, milli teatrların nəzdində rus truppaları həmişəki kimi fəaliyyət göstərməkdə davam edir. Televiziya və radio kanallarında rus dilində daimi verilişlər yayımlanır, çoxsaylı mətbuat orqanları və müxtəlif təyinatlı ədəbiyyat nəşr olunur. Keçən il Moskva Dövlət Universitetinin Bakı filialının açılması isə elmi-mədəni ictimaiyyətin həyatında diqqətəlayiq hadisə olmuşdur", - müraciətdə deyilir.

Prezidentin bildirib ki, "Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətdə etnik-mədəni müxtəlifliyə milli dövlətçiliyimizin tarixi nailiyyəti kimi xüsusi həssaslıqla yanaşırdı".

"Biz bu siyasi xəttə sadiqik və bundan sonra da Azərbaycanda etnik-dini dözümlülük prinsiplərinin bərqərar edilməsi, milli-mədəni müxtəlifliyin qorunub saxlanılması istiqamətində ardıcıl səylərimizi davam etdirəcəyik", - müraciətdə deyilir.

Azərbaycan Prezidenti Rus İcmasının Azərbaycan və Rusiya dövlətləri arasında ictimai-mədəni əlaqələrin inkişafında rolunu yüksək qiymətləndirib.

"Azərbaycanın Rus İcması təşkilatı fəaliyyət göstərdiyi illər ərzində ölkədə aparılan demokratik-hüquqi islahatlar prosesində və azad vətəndaş cəmiyyəti quruculuğunda daim öz fəallığı ilə seçilmiş, Azərbaycan və Rusiya dövlətləri arasında ictimai-mədəni əlaqələrin inkişafında, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində təqdirəlayiq işlər görmüşdür. Əminəm ki, təşkilatınız bundan sonra da respublikamızın rus icmasını layiqincə təmsil edəcək, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə sanballı töhfələr verəcəkdir", - müraciətdə deyilir.

Xəbər lenti

Xəbər lenti