...

Kanadada 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Siyasət Materials 21 Yanvar 2010 07:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend /

Azərbaycanın Kanadadakı Səfirliyi 2010-cu ilin yanvar ayının 17-də Torontoda 20 yanvar faciəsi ilə əlaqədar tədbir təşkil etmişdir, səfirliyinin mətbuat katibliyindən Trend -a xəbər verilib. Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı Kanada Federal Parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri xanım Yasmin Ratansi, Ontario Qanunvericilik Assambleyasının üzvü deputat Reza Moridi və Ontario Qanunvericilik Assambleyasının digər üzvü, Ontario Investisiya və Ticarət Məsləhət Şurasının sədri Monte Kvinter iştirak etmişlər.
 
Tədbiri giriş sözü ilə AR-ın Kanadadakı Səfiri Fərid Şəfiyev açaraq, 20 yanvar faciəsi, faciənin tarixi və faciədən öncəki hadisələrdən danışdı. Səfir öz çıxışında 20 yanvar faciəsi nəticəsində çoxlu sayda dinc Azərbaycanlı əhalinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş Sovet ordu hissələri tərəfindən qətlə yetirildiyini qeyd etdi. Səfir F.Şəfiyev 20 yanvar faciəsinin Azərbaycan üçün nə qədər faciəli olduğunu, lakin eyni zamanda Sovet rəhbərliyinin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söylədi.
 
Daha sonra, Kanada Federal Parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri xanım Yasmin Ratansi çıxış etdi. Y.Ratansi 20 yanvar faciəsinin törədilmiş ağır bir faciə olduğunu və şəhidlərin Azərbaycanın müstəqilliyi uğrunda öz canlarını qurban verdiyini bildirdi. Xanım Ratansi həmçinin 20 yanvar hadisələrindən dərhal sonra Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Sovet Hökumətinə qarşı cəsarətli çıxışını qeyd etdi. O, çıxışının sonunda hazırda Azərbaycanın bir müstəqil ölkə kimi regionda nümunəvi ölkəyə çevrildiyini xüsusilə vurğuladı.
 
Daha sonra, Ontario Qanunvericilik Assambleyasının üzvü və Ontario Investisiya və Ticaret Məsləhət Şurasının sədri Monte Kvinter çıxış edərək Azərbaycan xalqına qarşı həyata keçirilmiş 20 yanvar qırğınını pislədi. O, həmin hadisələrin nə qədər faciəvi olmasına baxmayaraq, bunun müstəqil Azərbaycanın əsasının qoyulmasında önəmli məqam olduğunu bildirdi.
 
Sonuncu çıxışçı qismində Ontario Qanunvericilik Assambleyasının üzvü, deputat Reza Moridi çıxış edərək, 20 yanvar faciəsinin Azərbaycan xalqının yaşadığı yeganə hadisə olmadığını söylədi. O xüsusilə, o vaxtkı Sovet dövlətinin rəhbəri Mixail Qorbaçovun 20 yanvar faciəsini törətməkdə təqsirkar olduğunu və onun bu cinayətkar əməlinə görə bilavasitə məsuliyyətə cəlb edilməsinin mühüm olduğunu söylədi.
 
Çıxışlar başa çatdıqdan sonra 20 yanvar faciəsi ilə əlaqədar Azərbaycanda istehsal olunmuş faciədən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti