...

Azərbaycan bələdiyyələrinə seçilən qadınların və gənclərin sayının çoxalması müsbət haldır - deputat

Siyasət Materials 23 Fevral 2010 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir A. Hüseynbala/

"Bələdiyyə üzvü olan qadınların 26 faiz təşkil etməsi ölkəmiz üçün də ən vacib məsələdir", - Trend -un məlumatına görə, çərşənbə axşamı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, qadınların və gənclərin bələdiyyələrdə çox təmsil olunması onların siyasi həyatda rolunun gücləndirilməsi ilə bağlıdır. "Mənə elə gəlir ki, həm qadınların, həm də gənclərin bələdiyyədə rolunun artması bölgələrimizin inkişafına da müsbət təsirini göstərəcək", - millət vəkili əlavə edib.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.

Onun fikrincə, bu gün bələdiyyə üzvlərinin maarifləndirilməsinə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi daha çox diqqət verməlidir. "Bəzi bələdiyyə üzvləri öz səlahiyyətlərinin nədən ibarət olduğunu belə bilmirlər. Nəticədə ortaya çıxan problemlərin əziyyətini isə sadə insanlar çəkirlər. Buna görə maarifləndirmə işlərini həddindən artıq genişləndirmək lazımdır", - o əlavə edib.

Paşayeva deyib ki, bələdiyyə torpaqlarının hərraca çıxarılması ilə bağlı problem var. "Torpaqların hərraca çıxarılması ilə bağlı bələdiyyələrin hüquq və vəzifələri sahəsində problemlər daha çox hiss olunur. Ona görə bələdiyyələr öz hüquq və vəzifələrini normal yerinə yetirməlidirlər ki, insanların problemlərinin həllinə nail olunsun", - millət vəkili vurğulayıb.

Millət vəkili deyib ki, bələdiyyələrin müstəqilliyi məsələsini həll etmək üçün icra strukturları ilə bələdiyyələrin fəaliyyət bölgülərinin konkretləşdirilməsinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti