...

ABŞ "erməni soyqırımı"nın tanınmasına yol verməyəcək, çünki bu, Türkiyə ilə münasibətlərinə zərbə vuracaq - ekspertlər

Siyasət Materials 6 Mart 2010 12:01 (UTC +04:00)
ABŞ Konqresində qondarma "erməni soyqırımı"nın tanınması prosesi Xarici əlaqələr komitəsində tanındıqdan sonra davamı olmayacaq. Çünki belə olan halda ABŞ və Türkiyə arasında münasibətlərə zərbə dəyəcək.
ABŞ "erməni soyqırımı"nın tanınmasına yol verməyəcək, çünki bu, Türkiyə ilə münasibətlərinə zərbə vuracaq - ekspertlər

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir E.Tarıverdiyeva/

ABŞ Konqresində qondarma "erməni soyqırımı"nın tanınması prosesi Xarici əlaqələr komitəsində tanındıqdan sonra davamı olmayacaq. Çünki belə olan halda ABŞ və Türkiyə arasında münasibətlərə zərbə dəyəcək. Ekspertlər belə hesab edirlər.

"Əgər bu qətnamə ABŞ Senatında tanınarsa, bu, Amerika-Türkiyə münasibətlərinə olduqca mənfi təsir göstərəcək ki,  bu da öz növbəsində əhəmiyyətli regionda sabitliyi poza bilər". - Trend -a Qafqaz üzrə avropalı ekspert Ziba Norman bildirib. - "Belə qətnamənin qəbulu ABŞ-ın marağında deyil".

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib. 23 konqresmen qətnamənin lehinə, 22-si əleyhinə səs verib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Konqresin Xarici əlaqələr komitəsində qətnamənin qəbul olunması Türkiyə hökumətinin narazılığına səbəb olub və o bildirib ki, bu qərar Türkiyə-Amerika münasibətlərinə zərbə vurub.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, onun ölkəsi kənar təzyiqlər altında fəaliyyət göstərməyəcək. O bildirib ki, digər ölkənin, o cümlədən, ABŞ-ın müdaxiləsi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini çətinləşdirir.

Ekspertlərin fikrincə, qondarma "erməni soyqırımı"na dair qətnamənin qəbulu Xarici əlaqələr  komitədən o yana getməyəcək.

ABŞ Senatı Xarici əlaqələr komitəsi tərəfindən tanınan erməni "soyqırımı"na dair qətnaməni, çətin ki, dəstəkləsin, Cənubi Qafqaz və Türkiyə üzrə amerikalı ekspert Mark Kats belə hesab edir.

"Qətnamə Nümayəndələr Palatası tərəfindən qəbul olunacaqmı? Ümumilikdə, Senat bu qətnaməyə səs verəcəkmi? Fikrimcə, bu, ağlabatan deyil. Çünki Senata belə mübahisəli sənədi qəbul etmək çətin olacaq". Trend -a Amerikanın Corc Meyson Universitetinin Beynəlxalq Münasibətlər Departamentinin siyasət üzrə professoru Kats elektron poçtla məlumat verib.

CNN Turk bildirir ki, bundan əvvəl Prezident Obama ABŞ Konqresinı qondarma "erməni soyqırımı"na dair qətnaməni qəbul etməməyi tövsiyə edib.

Lakin müşahidəçilərin fikrincə, hətta qətnamənin Konqresin Xarici əlaqələr komitəsində qəbulu ABŞ və Türkiyə arasında münasibətlərə mənfi təsir göstərəcək.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın müşaviri Qeybulla Ramazanoğlu telefon vasitəsilə Trend -a bildirib: "ABŞ Konqresinin ("erməni soyqırımı"na dair) qətnaməni qəbul etməməsi üçün Türkiyə əlində olan bütün imkanlardan istifadə edəcək. Hətta Konqres tanınma haqqında qərar çıxarsa belə, bu, Türkiyəyə xüsusi təsir etməyəcək, lakin Ankara gələcək fəaliyyət strategiyasını hazırlamalıdır".

Bunun Amerika-Türkiyə münasibətlərinə necə təsir göstərəcəyi Türkiyənin reaksiyasından asılı olacaq. - Kats belə hesab edir. - "Nümayəndələr Palatası və Senat qətnaməni qəbul edərsə, bu, Amerika-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək. Lakin zənnimcə, bu, ağlabatan deyil", -o bildirib.

Lakin Katsın sözlərinə görə, Türkiyə qətnamənin yalnız Xarici əlaqələr komitəsi tərəfindən qəbul olunmasına da mənfi reaksiya verə bilər. "Ümid etmək istərdim ki, bu, baş verməyəcək. Çünki Ankara və Vaşinqton arasında münasibətlərin pisləşməsi Osmanlı İmperiyasında baş vermiş 1915-ci il hadisələrinə dair qətnamənin Konqresin hər iki palatası, hətta Senat tərəfindən dəstəklənməsi şansını artırar.

Azərbaycan Respublikası Prezident Administrasiyası dünən ABŞ Konqresinin Xarici əlaqələr  komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunan qərarı qətiyyətlə pisləyib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov KİV-ə müsahibəsində deyib ki, ABŞ konqresmenlərinin bu addımı səhv və ədalətsizdir.

"Hesab edirik, bu qərar həm də ABŞ-ın və Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaq", - Həsənov əlavə edib.

Əli Həsənov, eyni zamanda, inandığını bildirib ki, komitənin qəbul etdiyi bu qərar Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında lazımi qiymətini alaraq, geri qaytarılacaq və ABŞ hökumətinin üzərindən bu ədalətsiz məsuliyyət götürüləcək.

Müşahidəçilərin fikrincə, ABŞ Konqresində baş verən hadisələr Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə ABŞ-ın səylərini heçə endirə bilər.

Cümə axşamı mətbuat konfransında çıxış edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ı hazırkı məsələni nəzərdən keçirərək, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş irəliləyişi təhlükə altına qoymamağa çağırıb.

"Ermənistanla münasibətlərin normallaşması üzrə indiyədək aparılan iş heçə endirilə bilər. Təbii ki, bundan daha çox erməni xalqı əziyyət çəkəcək", - Britaniyanın Transatlantika İnstitutunun direktoru Ziba Norman deyib.

Normanın fikrincə, Türkiyənin rolu dəyişir, o özünü regionda əsas oyunçu kimi görür.

"Erməni lobbisinin birtərəfli yanaşma və geosiyasi vəziyyətin reallıqlarına məhəl qoymaması nəticəsində manevr üçün bəzi məkan əldə edib. Belə ki, protokollar hələ imzalanmamışdı", -ekspert deyib. - "Bütün bunlar göstəir ki, regionda öz siyasətini həyata keçirmək Davudoğluna çətin olacaq".

Xəbər lenti

Xəbər lenti