Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir M.Əliyev/
İordaniya Haşimilər Krallığının Gənclərlə İş üzrə Ali Şurası Baş Katibliyinin rəsmi nümayəndə heyətinin bu gün Azərbaycana səfəri başlayıb. Bu barədə çərşənbə axşamı Trend -a Gənclər və İdman Naziriliyinin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibində İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının baş katibi, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, nümayəndə heyətinin rəhbəri Dr. Sari Hamdan, Gənclər hərəkətinin təşviqi üzrə Milli Fondun baş direktoru Əbdürrəhman Armuti, Beynəlxalq təşkilatlar bölməsinin rəisi Arif İshakat və Milli Olimpiya Komitəsinin nümayəndəsi xanım Narin Haj Tass var.
Səfər "Azərbaycan Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı" çərçivəsində həyata keçirilir.
Səfərin proqramına əsasən nümayəndə heyətinin Azərbaycan Milli Olimpiya Komitəsində, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər və İdman Nazirliyində görüşləri, Heydər Əliyev Fondu, Bakı şəhərində yerləşən tarixi-mədəni obyektlərlə tanışlıq məqsədi ilə gəzintilərin təşkili nəzərdə tutulub.
Səfər martın 14-dək davam edəcək.