...

Azərbaycan Prezidenti Bakı Biznes Mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 13 Mart 2010 00:08 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Dənizkənarı Milli Parkda inşa edilmiş Bakı Biznes Mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Bakı Biznes Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Dənizkənarı Milli Parkda inşa edilmiş Bakı Biznes Mərkəzinin açılışında iştirak edib, AzərTAC dövlət agentliyi məlumat yayıb.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi və bina ilə tanış olub.

Bakı Biznes Mərkəzi orijinal layihəsi ilə diqqəti çəkir. Mərkəzin ərazisindəki fəvvarə Dənizkənarı Milli Parka əlavə yaraşıq gətirir. Bakı Biznes Mərkəzində yüksək səviyyəli beynəlxalq tədbirlər, o cümlədən biznes-forumlar təşkil olunacaq. Buradakı lift və eskalatorlar da ən müasir standartlara cavab verir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, ümumi sahəsi 4664 kvadratmetr olan mərkəz üçmərtəbəlidir. Birinci mərtəbədə ən müasir avadanlıqla təchiz edilmiş 300 nəfərlik sərgi salonu yerləşir. İkinci mərtəbədə 3 kiçik konfrans zalı və 250 yerlik restoran fəaliyyət göstərir. Üçüncü mərtəbədə 8 ofis və görüş otaqları vardır.

Bakı Biznes Mərkəzində müxtəlif səviyyəli tədbirlərin, o cümlədən beynəlxalq konfransların keçirilməsi üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı burada təşkil edilmiş sərgi ilə tanış olub.

Prezident İlham Əliyevə son illərdə, o cümlədən 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində əldə edilən nailiyyətləri əks etdirən sərgi barədə məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı iqtisadi rayonları üzrə əsaslı işlər görülmüş və silsilə tədbirlər reallaşdırılmışdır. Regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənayedə də əsaslı irəliləyişə nail olunmuş, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Əlverişli biznes mühiti sayəsində ötən illərdə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların məbləği 70 milyard dolları ötmüşdür. Sevindirici haldır ki, bunun təxminən yarısını yerli investisiyalar təşkil edir.

Sərgidə müxtəlif iqtisadi rayonlar üzrə ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün sistemli və kompleks tədbirlərin davam etdirildiyi də öz əksini tapmışdır. Sərgi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keyfiyyətin başlıca meyar kimi qəbul edilməsini də özündə dolğun əks etdirir. Ötən illərin təcrübəsi göstərir ki, respublikamızda biznes mühiti ildən-ilə daha da yaxşılaşır. İşgüzar əlaqələrin gücləndirilməsi, sahibkarlara dövlət qayğısının artırılması hesabına regionların inkişafı sürətlənir. 2010-cu ildə və növbəti illərdə də sosial-iqtisadi siyasətin əsas istiqamətini əhalinin həyat səviyyəsinin yüksəldilməsi təşkil edəcəkdir.

Xəbər lenti

Xəbər lenti