...

Azərbaycanın xarici işlər naziri Fransa Milli Assambleyasının deputatlarını qəbul edib

Siyasət Materials 1 Aprel 2010 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa Milli Assambleyasının deputatları Kristan BatayRolan Blumu qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Görüşdə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozduğunu deyən Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini bildirib. Bunun üçün münaqişənin mərhələli həllinin uyğunluğunu vurğulayan xarici işlər naziri Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, həmin ərazilərdə normal həyat şəraitinin yaradılması, komunikasiyaların açılması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması və sonda Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.

Məmmədyarov yalnız bu nizamlanma şərtləri ilə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirib.

Fransız deputatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiklərini və bu istiqamətdə beynəlxalq səylərin artırılmasının vacibliyini bildiriblər.

Həmçinin, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti