...

Bakıda "Əbu Bəkr" məscidində terror aktı törətməkdə təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadələrlə yeni xüsusatlar üzə çıxıb - MTN

Siyasət Materials 5 Aprel 2010 20:32 (UTC +04:00)
Bakıda "Əbu Bəkr" adı ilə tanınan "Cümə məscidi"ndə terror aktı törətməkdə təqsirləndirilən şəxs qismində Samir Mehdiyevin istintaqa verdiyi ifadələrlə onun gizli yolla xarici ölkənin ərazisinə keçirilməsi, eləcə də Pakistan ərazisində gizlənməsi ilə əlaqədar yeni xüsusatlar üzə çıxıb.
Bakıda "Əbu Bəkr" məscidində terror aktı törətməkdə təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadələrlə yeni xüsusatlar üzə çıxıb - MTN

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Əbu Bəkr" adı ilə tanınan "Cümə məscidi"ndə terror aktı törətməkdə təqsirləndirilən şəxs qismində Samir Mehdiyevin istintaqa verdiyi ifadələrlə onun gizli yolla xarici ölkənin ərazisinə keçirilməsi, eləcə də Pakistan ərazisində gizlənməsi ilə əlaqədar yeni xüsusatlar üzə çıxıb.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə əlaqələr mərkəzindən bazar ertəsi Trend-ə bildiriblər ki, ifadə zamanı müəyyən edilib ki, Samir Mehdiyev "Cümə məscidi"ndə terror aktı törətdikdən sonra "Dağıstan camaatı"nın "təmsilçisi" olan "Abdulsəməd" ləqəbli şəxslə əlaqə yaradıb və sonuncunun tapşırığı ilə "Sumqayıt camaatı"nın üzvlərindən biri, hazırda barəsində məhkəmə baxışı keçirilən "İbrahim" ləqəbli Ceyhun Əliyevlə görüşüb. O, Samir Mehdiyevin Azərbaycandan gizli çıxarılması məqsədilə Azər Misirxanovun özünə "naib", yəni müavin təyin etdiyi Rəşid Mustafayevlə əlaqə yaradıb. Rəşid Mustafayev də Gürcüstana gedərək Azər Misirxanovdan Samir Mehdiyevin Azərbaycandan gizli çıxarılması barədə təlimat alıb. Silahlı birləşmənin üzvləri bu müddət ərzində Samir Mehdiyevi Sumqayıt şəhərində gizlədiblər.

Samir Mehdiyev həmin vaxt üzərində olan 1 ədəd "Makarov" tipli tapançanı və ona aid 2 ədəd dolu darağı, eləcə də 1 ədəd "RQD" tipli əl qumbarasını özündə saxlayıb, "AKSU-74" tipli avtomat silahı və həmin odlu silaha aid patronlarla dolu 2 ədəd sandıqçanı isə silahlı birləşmənin üzvü, barəsində məhkəmə baxışı keçirilən Faiq Cəfərova verib. Azər Misirxanovun göstərişinə əsasən, Samir Mehdiyev Faiq Cəfərovun vasitəsilə sərnişin avtobusu ilə Tovuz rayonuna aparılıb. Əvvəlcədən əldə edilmiş razılığa əsasən, Faiq Cəfərov Tovuz şəhərinin kənarında Samir Mehdiyevi hazırda barəsində məhkəmə baxışı keçirilən Gürcüstan Respublukasının vətəndaşı İbadət Alazoviyə təhvil verib. İbadət Alazovi Samir Mehdiyevi Ağstafa rayonundakı "Böyük-Kəsik" sərhəd-nəzarət məntəqəsinin "Candar" sadələşdirilmiş buraxılış məntəqəsinə gətirib və Gürcüstandan Azərbaycana mal-qara keçirib geri qayıdan Gürcüstan vətəndaşlarına qoşaraq sərhədçilərin diqqətini yayındırıb və Samir Mehdiyevin mühafizə olunan dövlət sərhədini müvafiq sənədlər olmadan qeyri-qanuni yolla Gürcüstan ərazisinə keçməsinə nail olub.

Gürcüstanda Samir Mehdiyevi Azər Misirxanov və barəsində axtarış elan edilmiş "Subay" ləqəbli Elnur Cəfərov qarşılayıb və onu həmin ölkənin Qaraçöp kəndinin sakini, qrupun digər üzvü Rasim Tanrıverdiyevin evində yerləşdirib və o, burada təxminən 5 ay yaşayıb. Sonra Azər Misirxanovun vasitəsilə Samir Mehdiyev Gürcüstanın Batumi şəhərindən Türkiyəyə qeyri-qanuni olaraq insanların keçirilməsi ilə məşğul olan, hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə tanış olub və sonuncunun pasportuna öz şəklini yapışdıraraq gizli yolla Türkiyə ərazisinə keçib. Samir Mehdiyev Pakistandakı terrorçu qruplaşmalardan birinə rəhbərlik edən "Abuzər" ləqəbli şəxsin və hazırda barəsində məhkəmə baxışı keçirilən "Şəkili Abdulla" ləqəbli Vüqar Abdullayevin köməkliyi ilə müxtəlif ünvanlarda yaşayıb. Bundan sonra, Samir Mehdiyev və Vüqar Abdullayev Pakistana getmək qərarını qəbul ediblər. Qeyri-qanuni yolla İran ərazisinə keçərkən onlar həmin ölkənin sərhədçiləri tərəfindən saxlanılıb və Samir Mehdiyevin Gürcüstana, Vüqar Abdullayevin isə Azərbaycana deportasiyası barədə qərar qəbul edilib. Lakin İrandan Gürcüstana birbaşa aviareyslər olmadığı üçün o, Tehran-İstanbul-Tbilisi reysi ilə ölkədən çıxarılıb. Samir Mehdiyev diqqətdən yayınaraq İstanbulun hava limanında təyyarədən enərək Gürcüstana qayıtmayıb. Vüqar Abdullayev isə Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Samir Mehdiyev Pakistan ərazisinə keçmək məqsədilə həmin vaxt İstanbula gələn Rasim Tanrıverdiyevin pasportuna öz şəklini yapışdıraraq sax­ta­laş­dırıb. Sonra Samir Mehdiyev Azər Misirxanovla əlaqə yaradıb və sonuncu tərəfindən gizli yollarla Pakistana getmək marşrutu barədə təlimatlandırılıb. Samir Mehdiyev həmin saxta pasportla qanunsuz olaraq İrana, oradan isə Pakistan ərazisinə keçib.

Beləliklə müəyyən edilib ki, niyyətləri ölkədə terrorçuluq aksiyaları keçirmək olan radikal dini təmayüllü, Azər Misirxanovun rəhbərlik etdiyi "Sumqayıt camaatı" adlı silahlı birləşmənin, eləcə də bu günlərdə Aqil Namazovun rəhbərlik etdiyi, ifşa olunaraq yaxalanmış mütəşəkkil dəstənin üzvləri külli miqdarda silah-sursatı və partlayıcı maddələri qaçaq yolla Gürcüstandan Azərbaycan ərazisinə gətiriblər.

Azərbaycan Respublikası ərazisindən qanunsuz silah dövriyyəsi məq­sə­di­lə istifadə edilməsi, ölkədə hüquqazidd əməllərin, o cümlədən sifarişli cinayət­lərin törədilməsi planlarının, təhlükəsizliyə təhdidlər yaradan müxtəlif cinayətkar birləşmələrin və ünsürlərin mümkün niyyət və əlaqələrinin tam aşkarlanması və ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

O da qeyd edilməlidir ki, 2005-ci ilin mart ayında jurnalist Elmar Hüseynovun qətlinin törədilməsində iştirakları sübuta yetirilmiş, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində İnterpol xəttilə beynəlxalq axtarış elan edilmiş Gürcüstan Respublikasının vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin tutularaq ekstradisiya olunması barədə Azərbaycan tərəfinin Gürcüstan Baş Prokurorluğuna göndərdiyi və indiyədək həllini tapmadığı 6 vəsatətin də təmin olunması üçün müvafiq işlər görülür.

2008-ci il avqustun 17-də Bakıda "Əbu Bəkr" adı ilə tanınan "Cümə məscidi"ndə terror aktı törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənmiş, "Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri Samir Mehdiyev 2010-cu ilin yanvarında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Pakistan İslam Respublukasının ərazisində saxlanılıb və martın 16-da Azərbaycana təhvil verilib.

Milli Təhlükəsizlik Nazirliyi İctimaiyyətlə əlaqə mərkəzinin 16 fevral 2009-cu tarixli məlumatında bildirilmişdi ki, Samir Mehdiyev, hazırda cinayət işi ilə bağlı Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsində baxılmaqda olan 31 nəfərdən ibarət "Sumqayıt camaatı" adlı silahlı birləşmənin üzvləri vasitəsilə onların rəhbəri, həmin vaxt Gürcüstan ərazisində olan Azər Misirxanovla əlaqə yaradıb. Sonra Samir Mehdiyev Azər Misirxanovun göstərişinə əsasən, həmin silahlı birləşmənin üzvlərinin köməkliyi ilə qeyri-qanuni yolla xarici ölkəyə keçirilib.

Xəbər lenti

Xəbər lenti