...

AŞ PA Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyətini yeniləyəcək (YENİLƏNİB)

Siyasət Materials 13 Aprel 2010 21:22 (UTC +04:00)

RED. əlav.: AŞ PA-nın alt komitəsinin fəaliyyəti ilə bağlı məlumat əlavə olunub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir R.Hafizoğlu/

Aprel ayında Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı alt komitənin fəaliyyətini yeniləyəcək. Bunu çərşənbə axşamı assambleya sədri Mövlud Çavuşoğlu Bakıda deyib.

Onun sözlərinə görə, AŞ PA-nın Dağlıq Qarabağla bağlı alt komitəsinin sədri lord Rassel Constounun ötən il vəfatı ilə əlaqədar fəaliyyəti dayandırılan komitənin yenilənməsindən sonra apreldə Azərbaycan və Ermənistan nümayəndələri Səməd SeyidovDavid Arutyunyanla görüş keçiriləcək.

"Alt komitənin fəaliyyətinin yenilənməsi hələ mart ayında planlaşdırılırdı, lakin bu məsələ bununla bağlı iclasda bütün ölkələrin tam iştirak etməməsi və Ermənistan nümayəndə heyətinin olmaması səbəbindən alınmadı", - ötən ilin sonunda AŞ PA sədri vəzifəsinə təyin ediləndən sonra ilk dəfə olaraq Azərbaycanda rəsmi səfərdə olan Çavuşoğlu deyib.

"Bizim məqsədimiz dondurulmuş münaqişələri həll etmək və AŞ PA-ya üzv olan dövlətlər arasında mövcud olan problemlərin həllinə yardım etməkdir. Buna görə də mən Azərbaycandan sonra Ermənistana səfər edəcəyəm", - Çavuşoğlu jurnalistlərə deyib.

Assambleya sədri həm Bakıda, həm də Yerevanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək, sonra Rusiyaya yolanacaq.

"AŞ PA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində ATƏT-in Minsk qrupunun işini tam dəstəkləyir", - Çavuşoğlu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Çavuşoğlunun səfəri aprelin 16-na qədər davam edəcək və Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin spikeri Oqtay Əsədovla, xarici işlər naziri Elmar Məmmədyarovla, eləcə də parlamentdə təmsil olunan və təmsil olunmayan siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır. Cümə axşamı Çavuşoğlu Gəncəyə yola düşəcək və yerli hakimiyyət nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti