...

Azərbaycan səfirliyinin əməkdaşları Qırğızıstanda iğtişaşlar zamanı xəsarət almış azərbaycanlıya baş çəkiblər

Siyasət Materials 20 Aprel 2010 17:22 (UTC +04:00)

RED. əlav.: zərərçəkənlərlə bağlı yeni məlumatlar

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev diplomatik missiyanın nümayəndələri ilə birlikdə Mayovka kəndində iğtişaşlar zamanı xəsarət almış azərbaycanlıya baş çəkib.

"Bişkək yaxınlığındakı Mayovka kəndində iğtişaşlar zamanı xəsarət almış Əhməd Xəlil oğlu Həbibovun vəziyyəti stabildir. Müvafiq müalicədən sonra o, bu həftənin sonu xəstəxanadan buraxılacaq", - çərşənbə axşamı Trend-ə Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov deyib.

Həbibov işdən evə gedərkən yolda iğtişaşçılarla rastlaşıb. Zərərçəkmiş kəllə-beyin travması və əl barmaqlarının sınığı ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.

Müşavirin sözlərinə görə, iğtişaşlar zamanı yalnız bir azərbaycanlı xəsarət alıb. Səfirliyin bundan əvvəl xəbər verdiyi kimi, daha üç azərbaycanlının xəsarət alması haqqında məlumat həqiqətəuyğun deyil.

"Mayovka kəndində xeyli sayda axıska türkü yaşayır. Onların ad və soyadları azərbaycanlıların ad və soyadlarına bənzərdir. Səfirlik zərərçəkənlərin siyahısını araşdırdıqdan sonra məlum olub ki, azərbaycanlılar arasında digər xəsarət alan yoxdur", - Cabbarov deyib.

Bazar ertəsi Qırğızıstan paytaxtının ətrafını iğtişaşlar bürüyüb. İğtişaşlar Mayovka kəndində qırğınlarla müşayiət olunub. Naməlum gənclər kəndlilərə məxsus torpaqları zəbt edərək, onları öz aralarında bölməyə başlayıblar. Torpaq sahibləri (əsasən, etnik axıska türkləri) basqınçıların hücumlarını dəf ediblər. "Ferqana.ru" yazır.

İğtişaşlar zamanı 30-dan çox adam xəsarət alıb, 5 nəfər həlak olub

Xəbər lenti

Xəbər lenti