...

Azərbaycan Parlamentində məişət zorakılığının qarşısının alınması haqqında qanun layihəsi birinci oxunuşda qəbul olunub (YENİLƏNİB)

Siyasət Materials 25 May 2010 14:44 (UTC +04:00)
Azərbaycan Parlamentində "Məişət zorakılığının qarşısının alınması və məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Azərbaycan Parlamentində məişət zorakılığının qarşısının alınması haqqında qanun layihəsi birinci oxunuşda qəbul olunub (YENİLƏNİB)

RED: əlavəsi: Üçüncü abzasdan sonra deputatların çıxışları əlavə olunub

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində "Məişət zorakılığının qarşısının alınması və məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub.

"Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamalarından sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, beynəlxalq standartlara uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir", - Trend-in məlumatına görə, çərşənbə axşamı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qanunun müzakirələri zamanı bildirib.

Aslanovanın sözlərinə görə, qanun yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürülmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara şamil ediləcək. "Qanun nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, qəyyum və himayəçi təyin olunan fiziki şəxslərə, habelə üzərində qəyyumluq və himayəçilik təyin edilən şəxslərə, qeyri-rəsmi nikahda birgə yaşayan kişi və qadına, habelə qeyri-rəsmi nikahda yaşayan şəxslərlə birgə yaşayan qohumlara şamil ediləcək", - komitə sədri əlavə edib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, BMT-nin qadınlara qarşı zorakılıq haqqında 2009-cu ildəki hesabatına görə, hər yüz qadına münasibətdə Slovakiyada 67,8, Avstraliyada 48, Finlandiyada 43,5 fakt qeydə alınıb.

Əsgərovun sözlərinə görə, bu hesabatda məişət zorakılığı faktı Almaniyada 37, Misirdə 35, Rusiya və Hindistanda 21 olub. "Türkiyədə bu göstərici 18, Polşada 18,1, İtaliyada 18,8, Azərbaycanda isə 13,3-dür", - birinci vitse-spiker vurğulayıb.

Deputat Səyavuş Novruzov deyib ki, məişət zorakılığından danışarkən təkcə qadınların bu problemlə üzləşdiyini söyləmək düzgün deyil.

Novruzov Parlamentin iclasında iştirak edən ATƏT və Avropa Şurası üzvlərinə də müraciət edərək, Avropanın əksər ölkələrinin, hətta parlamentlərində məişət zorakılığının hökm sürdüyünü deyib.

"Avropa ölkələrinin parlamentlərində bir də görürsən, geyim forması ilə bağlı qərar qəbul edirlər. İnsanların geyimlərinə qarışmaq olmaz. Sadə insanlar hərbçi deyil ki, ona geyim forması tətbiq edəsən. İnsan hüquqlarına hörmət etmək lazımdır. Biz İslam dəyərləri ilə yaşayan dünyəvi dövlətik. Lakin bu qanunu da qəbul edərək göstərəcəyik ki, Azərbaycan hər şeyə hazırdır", - Novruzov əlavə edib.

"Bu qanun layihəsinin qəbul olunması təkcə qadınlarımız yox, bütün cəmiyyətimiz üçün müsbət işlərin görülməsinə şərait yaradacaq", - deputat Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, Azərbaycanda özünə hörmət edən heç bir insan məişət, ailədaxili zorakılığın yanında ola bilməz.

"Mən çox sevinirəm ki, biz özünə hörmət edən bir millətin nümayəndələri olaraq, bu gün bu qanun layihəsini müzakirəyə qoyub qəbul edəcəyik. Burada heç kəs narahat olmamalıdır. Bəzən kişilərdə narahatlığı çox normal qəbul etmirəm. Niyə qadınlar məsələsini belə qabardırsınız? Axı təkcə Azərbaycanda belə deyil, dünyanın hər yerində məişət zorakılığında xüsusi çəki qadınların üzərinə düşür. Azərbaycan da bundan istisna deyil, bizdə də məişət zorakılığında xüsusi çəki qadınların üzərinə düşür", - millət vəkili əlavə edib.

Onun fikrincə, qadınlar hansısa kişilərin qızlarıdır. "Onlar hansısa kişilərin həyat yoldaşlarıdır və biz heç zaman "Qadınları niyə qabardırsınız?" məsələsini deməməliyik. Mən çox istəyirəm ki, bu qanun layihəsi qəbul olunan kimi qüvvəyə minsin. Bu, ailəyə müdaxilə demək deyil. Amma biz onu nəzərə almalıyıq ki, ailədəki zorakılıq sonra cəmiyyətin zorakılğına çevrilir. Hər ailədə uşaqlar böyüyür. Əgər o uşaqlar görürsə ki ailədə güclü gücsüzə təzyiq edə bilər, həmin düşüncə ilə böyüyən uşaq sabah bunu cəmiyyətdə də davam etdirir. Biz ona görə ailəyə müdaxilə etmirik, əksinə, ailə ənənələrimizi möhkəmləndiririk. Biz ailə ənənələrini həm də ona görə möhkəmləndiririk ki, insanın haqqını müdafiə edirik. Hər bir ailənin üzvü olan insanın haqqı müdafiə olunmalıdır", - Paşayeva vurğulayıb.

Deputat Zahid Oruc ailə sirlərinin hüquq-mühafizə orqanlarına daşımağın düzgün olmadığını deyib.

"Hamı bilir ki, ailə quran şəxslər ilk illərdə müəyyən uyğunsuzluqla üzləşirlər. Bizim ənənəmizdə çox şeylər dəyişməlidir. Azərbaycan qadını cəmiyyətdə kişilərlə bərabər hüquqludur" .

Xəbər lenti

Xəbər lenti