...

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Asiya Media Sammitində iştirak ediblər

Siyasət Materials 31 May 2010 17:06 (UTC +04:00)
Televiziya Yayımları İnkişafı üzrə Asiya-Sakit Okeanı İnstitutu və Çin Xalq Respublikasının Radio, Film və Televiziya Dövlət Administrasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycanı SAM-ın elmi işçisi Anar Hüseynov təmsil edib.
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Asiya Media Sammitində iştirak ediblər

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Çində keçirilmiş Asiya Media Sammitində iştirak ediblər. Bu barədə Trend-ə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən məlumat veriblər.

Televiziya Yayımları İnkişafı üzrə Asiya-Sakit Okeanı İnstitutu və Çin Xalq Respublikasının Radio, Film və Televiziya Dövlət Administrasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycanı SAM-ın elmi işçisi Anar Hüseynov təmsil edib.

SAM-ın əməkdaşı sammit çərçivəsində "Dini və mədəni məsələlər üzrə beynəlxalq Media Dialoqu" mövzusunda keçirilmiş seminarda tədbir iştirakçılarına Azərbaycan həqiqətləri - Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun regionda yaratdığı əngəllər barədə ətraflı məlumat verib, sammitdə təmsil olunan dünyanın aparıcı media mənsublarını yürütdükləri informasiya siyasətində qərəzsiz və obyektiv olmağa səsləyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Pekində keçirilmiş sammit zamanı SAM-ın əməkdaşı həmçinin Çinin aparıcı "beyin mərkəzlərində" olub və bir sıra işgüzar görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Çin münasibətləri, Cənubi Qafqaz-Xəzər regionunun müasir geosiyasəti, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri ilə yanaşı, iki ölkənin analitik institutlarının elmi-tədqiqat sahəsində əməkdaşlığına dair regional əhəmiyyətli layihələr müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti