Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, bu gün Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi kontingentinin yerləşdirilməsinə ehtiyac yoxdur.
"Qəbul olunacaq Hərbi Doktrinaya əsasən, ölkə ərazisində başqa ölkələrin hərbi kontingentinin yerləşdirilməsi yalnız əlahiddə bir halda və milli maraqlarımıza cavab verən situasiyada ola bilər", - bazar ertəsi Trend-ə Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
Trend-in arayışı: Milli Məclisdə Hərbi Doktrina layihəsinin müzakirəsi gözlənilir. Hərbi Doktrinada Azərbaycan ərazisində başqa dövlətlərin hərbi kontingentlərinin yerləşdirilməsinə icazə verilir.
"Başqa ölkələrin hərbi kontingentləri Azərbaycan ərazisində yerləşdiriləcəksə, ancaq qısa bir müddətə və onların səlahiyyəti və fəaliyyət çərçivəsi konkret göstərilməklə ola bilər. Hazırda onların yerləşdirilməsinə heç bir ehtiyac yoxdur. Gələcəkdə bu olarsa, yalnız Azərbaycanda dost ölkələrin hərbi kontingentləri məhdud bir sayda, qısa və konkret bir vaxtda ola bilər. O ölkələr ola bilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Azərbaycanın milli maraqlarına zidd olan hər hansı bir prosesə qarşı Azərbaycanla birgə mübarizə aparsınlar", - Mirzəzadə əlavə edib.
Ölkə ərazisində başqa dövlətlərin hərbi kontingentlərinin yerləşdirilməsinin Azərbaycanın milli təhlükəsizliyinə zərbə vuracağı ehtimalına münasibət bildirərkən millət vəkili qeyd edib ki, bu addımlar atılmazdan əvvəl geniş müzakirə ediləcək.
"Bugünümüzə və sabahımıza hər hansı problem yaranması barəsində hərtərəfli götür-qoy edildikdən sonra bu qənaətə gəlinəcək. Bu, tələsik, nəticələri nəzərə alınmayan bir addım ola bilməz. Ancaq ciddi müzakirələr, hərtərəfli düşünüldükdən sonra bu, mümkün ola bilər; bu, əlahiddə bir addım ola bilər", - Mirzəzadə bildirib.