...

Yunanıstanda Heydər Əliyev təqaüdü təsis ediləcək

Siyasət Materials 19 İyun 2010 12:52 (UTC +04:00)

Аzərbaycan, Bakı, 19 iyun /Trend, müxbir S.Ağayeva/

Yunanıstanda Heydər Əliyev təqaüdü təsis ediləcək.

Azərbaycan səfirliyinin təşəbbüsü ilə Yunanıstanın nüfuzlu ali məktəblərinin birində - Afina İqtisad Universitetində yunan tələbələr üçün Azərbaycanın ümummilli lideri Heydər Əliyev adına təqaüdün təsis edilməsi planlaşdırılır. Bu barədə Afinada təhsil alan azərbaycanlı tələbələrə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.

"Azərbaycan və Azərbaycan-Yunanıstan münasibətlərinə həsr olunmuş ən yaxşı elmi iş hazırlayan universitetin tələbələrinə bu təqaüd veriləcək", - səfir deyib.

"Mən artıq universitetin rektoru ilə görüşmüşəm və o, bu təşəbbüsü müsbət qarşılayıb. Biz münsiflər heyəti yaratmağı, maraqlı mövzular siyahısını müəyyən etməyi və onları yunan tələbələrinin iştirak etdiyi müsabiqəyə təqdim etməyi planlaşdırırıq. Ən yaxşı işlər qiymətləndiriləcək və müəlliflər gələcəkdə Azərbaycana səfər etmək imkanı əldə edəcəklər", - səfir bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs yunan gənclərinin Azərbaycana özünəməxsus şəkildə maraqlarının yaranmasına səbəb olacaq.

"Növbəti tədris ilində layihəyə başlamağı planlaşdırırıq", - Mustafayev deyib.

Xəbər lenti

Xəbər lenti