Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın daxili işlər naziri Ramil Usubov çərşənbə günü Braziliyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paulo Antonio Pereira Pintonu qəbul edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazir Ermənistanın ölkəmizə hərbi təcavüzü və etnik təmizləmə siyasəti, bu zaman bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşməsi, cəmiyyətimizdə daxili işlər orqanlarının rolu və funksiyası, həmçinin, ölkədəki kriminogen durum barədə söhbət açıb. O deyib ki, Azərbaycanda Avropa dəyərlərinə uyğun, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edilib, bu qanunların işlənib-hazırlanmasında bir sıra inkişaf etmiş dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların ekspertlərinin böyük rolu olub.
Səfir ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığın gələcəkdə yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsi ilə məhdudlaşmayacağına ümidvar olduğunu bildirib.
Paulo Pinto nəinki Azərbaycan, həmçinin xarici vətəndaşların da təhlükəsizlik şəraitində yaşamaları üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını qeyd edib.