...

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilmiş dəyişikliklər bu hüququn yüksək səviyyədə təmin olunması baxımından əhəmiyyətlidir – Milli Məclisin spikeri

Siyasət Materials 1 Oktyabr 2010 16:06 (UTC +04:00)
Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilmiş dəyişikliklər vətəndaşların əsas hüquqlarından biri olan seçmək, seçilmək və siyasi azadlıqlardan istifadə etmək hüququnun daha yüksək səviyyədə təmin olunması baxımından əhəmiyyətlidir.
"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilmiş dəyişikliklər bu hüququn yüksək səviyyədə təmin olunması baxımından əhəmiyyətlidir – Milli Məclisin spikeri

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Hacıyev/

Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilmiş dəyişikliklər vətəndaşların əsas hüquqlarından biri olan seçmək, seçilmək və siyasi azadlıqlardan istifadə etmək hüququnun daha yüksək səviyyədə təmin olunması baxımından əhəmiyyətlidir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov üçüncü çağırış Milli Məclisin gördüyü işlərlə bağlı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində deyib.

"Milli Məclis ölkəmizdə insan hüquqlarının qorunmasını, demokratik proseslərin daha geniş vüsət almasını özündə ehtiva edən bir sıra qanunları - "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya qanununu, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Fərdi məlumatlar haqqında", "Dini etiqad azadlığı haqqında" sənədlərə əlavələr və dəyişikliklər edilməsi barədə qanunları qəbul edib, Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyasını təsdiqləyib. Bu sahədə qəbul edilmiş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar da mühüm sənədlərdəndir", - Əsədov əlavə edib.

Onun sözlərinə görə, üçüncü çağırış Milli Məclis ordu quruculuğu və hərbçilərimizin antiterror əməliyyatlarında iştirakını da diqqət mərkəzində saxlayıb. "İlk dəfə olaraq müstəqil Azərbaycanın Hərbi Doktrinası geniş müzakirələrdən sonra təsdiq olunub. Ötən dövrdə deputatlar fövqəladə hallar orqanlarında xidmət keçən şəxslərin hüquqi vəziyyətini əks etdirən mühüm sənəd kimi "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanun layihəsini də müzakirə edərək qəbul ediblər", - spiker deyib.

Əsədov parlamentin beynəlxalq münasibətlərindən də söz açıb. O qeyd edib ki, parlamentlərarası əlaqələr də dövlətimizin beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi fəaliyyət göstərib, Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəldilib.

"Milli Məclisin nümayəndə heyətlərinin beynəlxalq qurumlarda iştirakı, xarici ölkələrin parlament rəhbərliyi və beynəlxalq təşkilatların təmsilçiləri ilə keçirilən görüşlər ölkənin xarici siyasətinin tərkib hissəsi olmaqla dövlətimizin, o cümlədən parlamentin əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bu görüşlər zamanı aparılan danışıqlarda Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ əsas mövzu kimi qabardılıb, bizi narahat edən məsələlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq qurumların nəzərinin bu məsələyə cəlb edilməsi diqqət mərkəzində olub", - Əsədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti