Gürcüstan, Tbilisi, 28 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri Tbilisiyə gəliblər. Onlar 2010-cu ildə Vankuverdəki Qış Olimpiya Oyunlarında faciəli şəkildə həlak olmuş gürcü xizəkçisi Nodar Kumaritaşvilinin qohumlarına BOK-un ali ordenini təqdim edəcəklər.
Gürcüstan Gənclər və İdman İşləri Nazirliyindən Trend-ə verilən məlumata görə, sabah onun doğma kəndi Bakurianidə, idmançının adını daşıyan memorialın yanında Kumaritaşvilinin ailəsinə BOK ali mükafatının təqdimolunma mərasimi keçiriləcək.
BOK prezidenti Jak Roqqa adından ordeni həlak olmuş xizəkçinin ailəsinə Olimpiya Həmrəyliyi Komitəsinin direktor müavini Pamela Vaypond, Beynəlxalq Xizək İdmanı Federasiyasının prezidenti Yozef Fendt və bu qurumin vitse-prezidenti Gerald Steyrer təqdim edəcək.
Ordenin təqdimolunma mərasimində Gürcüstan Olimpiya Komitəsinin rəhbəri Giya Natslişvili, gənclər və idman işləri üzrə nazir Vladimir Vardzelaşvili iştirak edəcəklər.
Kumaritaşvilinin ali mükafatla təltif edilməsi barədə qərar BOK İcraiyyə Komitəsi tərəfindən bir neçə gün əvvəl Meksikanın Akapulko şəhərində keçirilən iclasda qəbul edilib.