...

TÜRKPA müşahidəçi missiyasının Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı proqramı açıqlanıb

Siyasət Materials 1 Noyabr 2010 12:57 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidəçi missiyası parlament seçkilərini izləmək məqsədi ilə noyabrın 5-də Azərbaycana səfər edəcək.
TÜRKPA müşahidəçi missiyasının Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı proqramı açıqlanıb

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir M.Əliyev/

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçi missiyası parlament seçkilərini izləmək məqsədi ilə noyabrın 5-də Azərbaycana səfər edəcək. Bu barədə TÜRKPA-nın bazar ertəsi yaydığı məlumatda deyilir.

Səfər çərçivəsində beynəlxalq müşahidəçilər missiyası namizədlərə yaradılmış şəraiti öyrənəcək, onların seçicilərlə görüş prosesini izləyəcək, təbliğatın qadağan olunduğu 6 noyabr tarixində qaydalara necə riayət olunduğunu müşahidə edəcək və seçki günü müxtəlif məntəqələrdə seçkilərin gedişatını izləyəcək. Eyni zamanda TÜRKPA müşahidəçilər missiyasının MSK sədri Məzahir Pənahov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

8 noyabrda TÜRKPA beynəlxalq müşahidəçilər missiyası seçkilərin nəticələrinə dair ilkin hesabatını mətbuat konfransı keçirərək açıqlayacaq. Nümayəndə heyətinin tərkibində Qazaxıstan Parlamentindən 3, Türkiyə Parlamentindən 5 Millət vəkili təmsil olunur. TÜRKPA baş katibinin Türkiyə və Qazaxıstandan olan müavinləri də beynəlxalq müşahidəçi qismində seçkiləri müşahidə edəcək.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti