...

Azərbaycan Mərkəzi Seçki Komissiyası 26 seçki məntəqəsində nəticələri ləğv edib (YENİLƏNİB-2)

Siyasət Materials 22 Noyabr 2010 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir T.Hacıyev/

RED. əlav.: MSK-nın məlumatına istinadən dördüncü abzas əlavə olunub.

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 26 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib. Trend-in məlumatına görə, bu barədə qərar MSK-nın bazar günü keçirilən iclasında qəbul olunub.

İclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən biri qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən, biri isə tələb aydın olmadığından ərizəçilərə geri qaytarılb, on altısı əsassız olduğundan təmin edilməyib, biri aidiyyəti üzrə araşdırılması üçün müvafiq DSK-ya göndərilib, biri barədə mübahisə predmeti qalmadığından xitam verilib.

Bundan əlavə, 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə üç, 40 saylı Kəpəz (Gəncə) ikinci seçki dairəsi üzrə bir, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə bir, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə beş, 60 saylı Salyan - Neftçala seçki dairəsi üzrə altı, 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə altı, 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə bir seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi qərara alınıb.

İclasda 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasına dair məsələyə baxılıb. MSK 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə bir, 84 saylı Füzuli seçki dairəsi üzrə bir və 88 saylı Göyçay seçki dairəsi üzrə bir seçki məntəqəsində keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edib.

MSK-nın açıqladığı ilkin nəticələrə görə, 22 saylı Nəsimi ikinci seçki dairəsində Mollazadə Asim Nazim oğlu (49,47 faiz), 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsində Quliyev Musa İsa oğlu (38,82 faiz), 31 saylı Suraxanı ikinci seçki dairəsində Quliyev Fərəc İbrahim oğlu (34,52 faiz), 113 saylı Şəki şəhər seçki dairəsində Mahmudov Yaqub Mikayıl oğlu (54,15 faiz), 60 saylı Salyan-Neftçala seçki dairəsində Ağamalı Fəzail Rəhim oğlu (51,84 faiz), 63 saylı Sabirabad birinci seçki dairəsində Osmanlı Ceyhun Yunis oğlu (68,19 faiz), 26 saylı Sabunçu birinci seçki dairəsində isə Mustafa Fazil Qəzənfər oğlu (51,74 faiz), 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə Xəlilov Rüstəm Gülabba oğlu (62,80 faiz), 84 saylı Füzuli seçki dairəsi üzrə Muradova Bahar Əvəz qızı (67,00 faiz), 88 saylı Göyçay seçki dairəsi üzrə Hacıyev Sabir Kamal oğlu (53,40 faiz) qalib elan edilib.

İclasda 7 noyabr 2010-cu ildə keçirilmiş Milli Məclisə seçkilərlə bağlı MSK-nın yekun protokolunun tərtib olunması barədə qərar da qəbul edilib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb. MSK seçkilərin ilkin nəticələrini açıqlayıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti