...

Avropa Komissiya Prezidentinin səfəri zamanı Aİ ilə Azərbaycan arasında bir neçə saziş imzalanacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Dekabr 2010 13:46 (UTC +04:00)
Avropa Komissiyasının Prezidenti Joze Manuela Barrozunun Bakıya yanvar ayında nəzərdə tutulan səfəri zamanı Aİ ilə Azərbaycan arasında bəzi sahələrdə bir neçə saziş imzalanacaq. Bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı səfiri Rolan Kobia Barrozunun səfərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Avropa Komissiya Prezidentinin səfəri zamanı Aİ ilə Azərbaycan arasında bir neçə saziş imzalanacaq (ƏLAVƏ OLUNUB)

Dördüncü abzasdan sonra məlumat əlavə olunub.

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Y.Оstapenko/

Avropa Komissiyasının Prezidenti Joze Manuela Barrozunun Bakıya yanvar ayında nəzərdə tutulan səfəri zamanı Aİ ilə Azərbaycan arasında bəzi sahələrdə bir neçə saziş imzalanacaq. Bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı səfiri Rolan Kobia Barrozunun səfərinə həsr olunmuş mətbuat konfransında bildirib.

"Sazişlər hələ razılaşdırma mərhələsindədir. Onlar enerji sektoru ilə məhdudlaşmayacaq, Aİ və Azərbaycan arasında siyasi dialoqun müxtəlif məsələləri də daxil olacaq", - Kobia deyib.

O, bildirib ki, Barrozu ilə birgə energetika üzrə Avropa komissarı Günter Ettinger də Azərbaycana gələcək.

Kobianın sözlərinə görə, saziş prezidentlər Barrozu və İlham Əliyev tərəfindən və ya nazirlər səviyyəsində imzalana bilər.

Kobia Aİ Prezidentinin Azərbaycana hazırkı səfərini tarixi səfər adlandırıb. Onun sözlərinə görə, bu dəfə Barrozu Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər edəcək.

"Hazırkı səfər əlamətdardır, çünki o, təkcə Aİ və Azərbaycanın dövlət əlaqələri səviyyəsində yaxşı münasibətlərə malik olmasını deyil, həm də prezidentlər Barrozu və Əliyev arasında yaxşı dost münasibətlərinin səviyyəsini nümayiş etdirir", - o, deyib.

Kobianın sözlərinə görə, Barrozu Brüsseldəki son görüşləri zamanı Prezident İlham Əliyevin etdiyi dəvətlə Azərbaycana gəlir.

Kobia onu da qeyd edib ki, gələn ilin əvvəlindən Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi barədə danışıqların başlaması mümkündür.

Səfir qeyd edib ki, Aİ rəhbəri Azərbaycanın adamların yerdəyişmə prosedurunun sadələşdirilməsində maraqlı olmasına böyük önəm verir.

"Artıq bu istiqamətdə böyük iş görülüb və biz bundan sonra da viza rejiminin sadələşdirilməsinin mümkün qədər daha çox adamı əhatə etməsinə cəhd göstərəcəyik", - Kobia bildirib.

Onun sözlərinə görə, Azərbaycana səfəri zamanı Prezident Barrozu Azərbaycanın Avropaya inteqrasiyası prosesi haqqında nitqlə çıxış etməyi planlaşdırır.

Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo gələn ilin əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə cümə axşamı Avropa Komissiyasının Brüsseldəki ofisindən Trend-ə məlumat verilib.

Yanvarın 13-14-də baş tutacaq səfər zamanı Barrozo Avropa İttifaqının Azərbaycanla əməkdaşlığnın siyasi və iqtisadi aspektlərini müzakirə edəcək. Diqqət enerji layihələrinə yönələcək.

"Barrozonun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb. Səfərin qalan detalları, o cümlədən Azərbaycanın rəhbər şəxsləri ilə görüşlər hələ ki hazırlanır", - Avropa Komissiyasından deyiblər.

Barrozonun Azərbaycana səfəri onun Avropa Komissiyasının prezidenti kimi ilk gəlişidir.

Səfər bu ilin iyununda gözlənilirdi, lakin Aİ-də islahatlarla əlaqədar başqa vaxta keçirilmişdi.

Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstək çərçivəsində başlayıb.

Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş qüvvədədir, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Keçən ilin mayında Azərbaycan və Aİ arasında münasibətlər Polşa və İsveçin təşəbbüskarı olduğu "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində yeni tərəfdaşlıq mərhələsinə daxil olub.

"Şərq tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib.

Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti