Azərbaycan, Bakı, 11 may /Trend/
Çərşənbə günü xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Serbiya xarici işlər nazirinin müavini Zoran Vuyiçi qəbul edib.
Trendi-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən nazir Məmmədyarov bunun həm ikitərəfli məsələlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıqda öz əyani təzahürünü tapdığını bildirib və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.
Öz növbəsində Vuyiç səfərinin Serbiya ilə Azərbaycan arasındakı əlaqələri daha da genişləndirəcəyini bildirib və ölkəsinin Azərbaycanla yalnız neft sektorunda deyil, eyni zamanda, qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.