...

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara Liviyaya səfər etməməklə bağlı xəbərdarlıq edib

Siyasət Materials 12 May 2011 23:50 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara Liviyada baş verən son hadisələrlə bağlı xəbərdarlıq edib.

Trend-in məlumatına görə, xəbərdarlıqda deyilir ki, fevral ayından başlayaraq Liviyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlamışdır. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş vermiş, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olmuşdur.

"Hazırda əməliyyatlar Tripoli, Binqazi, Zintan, Əjdəbiyyə, Breqa, Sebha, Sirte və Misurata yaxınlığında davam etdirilir. Liviyada münaqişə zonaları hər an dəyişə bilər.

Bunları nəzərə alaraq Liviyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur.
Liviyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Tripoli şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur" - XİN-in məlumatında deyilir

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti