Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü Böyük Britaniyada qeyd olunub. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Böyük Britanıyadakı səfirliyindən məlumat verilib.
Tədbirdə bu ölkədə akkreditə olunmuş səfirlər və səfirlik nümayəndələri, diplomatik korpusun marşalı, Britaniya XİN-in əməkdaşları, parlamentin üzvləri, müxtəlif təşkilatların təmsilçiləri, bu ölkədə məskunlaşmış türk və azərbaycanlı icmasının təmsilçiləri, Britaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov iştirakçılara təşəkkürünü bildirib və 28 May - Respublika Gününün mahiyyətindən söz açıb. O, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, mövcud olduğu qısa müddət ərzində bir sıra uğurların əldə edildiyini iştirakçıların diqqətinə çatdırıb.
Bunun ardınca səfir Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yüksək əməkdaşlığın yaradılmasında və xüsusilə Azərbaycanın Böyük Britaniyada tanıdılmasında roluna görə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri Baronessa O'Kahoyn və Lord Freyzerin "Dostluq" ordeni ilə təltif edildiyini qeyd edib. Qurbanov ordenləri təqdim edərkən hər iki parlament üzvünün iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə verdikləri töhfələri xatırladıb və onlara öz dərin təşəkkürünü bildirib.
Baronessa O'Kahoyn və Lord Freyzer Azərbaycan dövlətinin yüksək mükafatı ilə təltif olunmaqdan məmnunluqlarını qeyd edərək Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Ölkəmizin mədəni zənginliyi, iqtisadi potensialı və zəngin musiqi və incəsənəti ilə fərqləndiyini qeyd edən natiqlər Britaniya ictimaiyyətini ölkəmizə səfər etməyə və onun mədəniyyəti və xalqı ilə tanış olmağa dəvət ediblər. Eyni zamanda, "Eurovision-2011" mahnı yarışmasındakı qələbəyə görə Azərbaycan xalqına təbriklərini çatdırıblar.