Azərbaycan, Bakı, 27 may /Trend/
Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılması üçün əlavə platforma olacaq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Bali adasında keçirilən Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransının yekun iclasında bildirib. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanlı nazir konfransın yekun iclasında Qoşulmama Hərəkatına üzv olan Avropa dövlətləri qrupu adından çıxış edib.
Nazir Məmmədyarov səfər çərçivəsində Malayziyanın xarici işlər naziri Datuk Anifah Aman və Timor Lestenin xarici işlər naziri Zacarias Albano Da Kosta ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.