...

Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazası möhkəmləndiriləcək

Siyasət Materials 6 İyul 2011 19:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazası möhkəmləndiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Respublikamızın ən böyük idman arenası olan Tofiq Bəhramov adına Respublika Stadionu istifadəyə verildiyi 1951-ci ildən etibarən ölkəmizdə idmanın inkişafında xüsusi rol oynayıb. Ötən illər ərzində Azərbaycanın idman salnaməsinə adları qızıl hərflərlə yazılmış bir çox məşhur idmançımızın qazandığı yüksək nailiyyətlər stadionun tarixi ilə sıx bağlıdır.

FİFA və UEFA bayraqları altında təşkil edilən dünya və Avropa çempionatlarının seçmə oyunlarının keçirildiyi Respublika Stadionu indi artıq beynəlxalq əhəmiyyətli idman qurğusuna çevrilib.

Xəbər lenti

Xəbər lenti