...

Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi dəyişməz qalır - səfir

Siyasət Materials 12 İyul 2011 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir M.Əliyev/

Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi dəyişməz qalır və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan tərəfinin etiraz notasını şərh edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çərşənbə axşamı jurnalistlərə bildirib.

"Ukrayna-Azərbaycan münasibətləri həm siyasi, həm də digər sahələrdə real strateji tərəfdaşlıq xarakteri daşıyır", - səfir deyib.

Onun sözlərinə görə, KİV müstəqildir və nə istəyir yazır və diplomatların vəzifəsi onlara düzgün baxışı göstərməkdir.

Azərbaycan Ukraynaya bu ölkənin "Image" jurnalının xüsusi buraxılışında Azərbaycan əleyhinə materialların dərc olunması ilə bağlı etiraz notası təqdim edib. Trend-in məlumatına görə, bu barədə ötən cümə günü Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri İrfan Davudov bildirib.

Ukraynanın beynəlxalq iş jurnalı "Image" Ermənistanın Ukraynadakı səfirliyinin yardımı ilə xüsusi nömrə buraxıb. Buraxılış tamamilə Ermənistana və Dağlıq Qarabağın separeatçı rejiminə həsr edilib, bununla yanaşı, Azərbaycan əleyhinə materiallar və saxtalaşdırılmış məlumatlar dərc olunub.

Diplomat qeyd edib ki, Azərbaycan, naşirlərin özlərinin məlumatına görə, guya "Ukrayna Prezidenti Administrasiyasının himayəsi ilə buraxılan" jurnalın əslində dələduzluqla məşğul olduğunu Ukrayna XİN-in diqqətinə çatdırmaq fikrindədir.

Davudov bildirib ki, səfirlik habelə jurnalın redaksiyasına da etiraz göndərəcək və izahat tələb edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti