...

Rusiya Azərbaycana Qəbələ RLS-i modernləşdirməyi təklif edir - Anatoli Serdyukov (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 İyul 2011 17:10 (UTC +04:00)
Rusiya Azərbaycana Qəbələ RLS-i modernləşdirməyi təklif edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiyanın müdafiə naziri Anatoli Serdyukov azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşdən sonra jurnalistlərə bildirib.
Rusiya Azərbaycana Qəbələ RLS-i modernləşdirməyi təklif edir - Anatoli Serdyukov (ƏLAVƏ OLUNUB)

Başlıq dəyişib və təfərrüatlar əlavə olunub (birinci xəbər saat 13:27-də dərc edilib)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Rusiya Azərbaycana Qəbələ RLS-i modernləşdirməyi təklif edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiyanın müdafiə naziri Anatoli Serdyukov azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşdən sonra jurnalistlərə bildirib. Məlumatı RİA Novosti yayıb.

"Biz Qəbələ RLS üzrə öz təkliflərimizi hazırlamışıq. Bundan əlavə, biz onları genişləndirmişik, RLS-i modernləşdirməyi təklif etmişik. Bizim RLS-in təkmilləşdirilməsi ilə bağlı konkret planlarımız var", - Serdyukov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə işçi qrupu yaradılacaq və o, bütün texniki məsələlərin həll olunması üçün iki həftəlik Bakıya gələcək.

"Və artıq avqustun 15-dən öz həmkarımla bu sazişin hər bir bəndini ətraflı müzakirə edə bilərəm (RLS-in gələcək istismarı ilə bağlı)", - rusiyalı nazir qeyd edib.

Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS sovet dövründə SSRİ-nin raket hücumundan müdafiə sisteminin vacib elementi kimi inşa edilib. Azərbaycanın müstəqillik qazanmasından və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı hadisələrə baxmayaraq, ondan istifadəni davam etdirib.

RLS-in icarəyə verilməsi barəsində onillik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS haqqında məsələ dəfələrlə ölkədaxili siyasi debatların, Azərbaycan Parlamentinin müzakirə predmeti olub. 2006-cı ilin əvvəlində Azərbaycan RLS-in illik icarə haqqının 7 mln. dollardan 14,4 mln. dollara qədər artırılması barədə məsələ qaldırmışdı.

Azərbaycan-Rusiya hərbi və hərbi-texniki əməkdaşlığından danışan Serdyukov qeyd edib ki, bu sahədə "münasibətlər kifayət qədər yaxşı qurulub".

"2010-cu ildə planlaşdırdıqlarımızın hamısı praktiki olaraq yerinə yetirilib, 2011-ci ildə planlaşdırdıqlarımıza gəldikdə, biz cədvəl üzrə gedirik", - o deyib.

Serdyukov tərəflərin "nəzərdə tutduqlarının hamısını" yerinə yetirəcəklərinə ümidvar olduğunu ifadə edib.

O həmçinin deyib ki, Rusiya tərəfi Azərbaycana Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığı kvotasının artırılmasını təklif edib. "İndi buna baxılacaq. Ümid edirik ki, sentyabrın 1-nə tərəflər bunu etməyi bacaracaqlar", - Serdyukov deyib.

Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. Trend-in məlumatına görə, bunu bazar günü Bakıda Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovla görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev deyib.

Görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya tərəfinin, xüsusilə Prezident Dmitri Medvedevin səylərinin təqdirəlayiq olduğunu bildirən Əbiyev qeyd edib ki, qısa zaman ərzində prezidentlər arasında təşkil edilən çoxsaylı görüşlər problemin sülh yolu ilə həllinə ümidləri artırır. Eyni zamanda, nazir bildirib ki, bununla paralel olaraq Azərbaycan öz ordusunu gücləndirməyi davam etdirir.

Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Bakıda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Xəbər lenti

Xəbər lenti