...

Əli Həsənov: Azərbaycan 2010-cu ildə bütün sahələrdə inkişafa görə dünyanın öndə gedən ölkəsi olub (FOTO)

Siyasət Materials 29 İyul 2011 13:41 (UTC +04:00)
Azərbaycan 2010-cu ildə bütün sahələrdə inkişafa görə dünyanın öndə gedən ölkəsi olub.
Əli Həsənov: Azərbaycan 2010-cu ildə bütün sahələrdə inkişafa görə dünyanın öndə gedən ölkəsi olub (FOTO)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan 2010-cu ildə bütün sahələrdə inkişafa görə dünyanın öndə gedən ölkəsi olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "The Business Year" kimi nüfuzlu jurnalın öz xüsusi buraxılışını Azərbaycana həsr etməsi təsadüfi deyil. Bunun səbəbi son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardır.

"Azərbaycanda əhalinin pul gəlirləri artıb, dövlət büdcəsi artıb. 2011-ci ildə Azərbaycan dövlət büdcəsi 20 milyard dollara - rekord həddə çatıb. 7 il bundan əvvəl Azərbaycanın dövlət büdcəsi 1,4 milyard dollar idi. 2010-cu ildə bütün sahələr üzrə Azərbaycan dünyada ilin dövləti olub. Buna görə də "The Business Year" 2011-ci ildə xüsusi buraxılışını Azərbaycana həsr edib", - Həsənov əlavə edib.

O bildirib ki, bu jurnalın xüsusi buraxılışının həsr olunduğu ölkə həmin il biznes partnyoru və iqtisadi partnyor kimi ciddi uğurlar əldə etmiş dövlət olaraq təbliğ olunur və yüz minlərlə tirajla çıxan bu jurnal dünyanın ən populyar biznes mühitlərində yayılır.

Həsənov jurnala Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibə verdiyini vurğulayıb.

"Son 5 ildə cənab Prezident yazılı mətbuata belə geniş müsahibə verməmişdi. Prezidentin yazılı mətbuatda ilk dəfə bu jurnala müsahibə verməsi onun "The Business Year" jurnalının fəaliyyətinə yüksək qiymət verməsindən irəli gəlir", - o deyib.

Həsənov onu da bildirib ki, jurnalda Azərbaycana dost və qonşu dövlətlərin başçıları ölkəmiz haqqında rəylər söyləyiblər. Bunlardan Rusiya Prezidenti Dmitri Medvedev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, İsveçrənin Baş naziri və digər nüfuzlu şəxsləri göstərmək olar.

Prezident Administrasiyasının rəsmisi deyib ki, bu jurnal Azərbaycan haqqında ingilis dilində çox gözəl bir mənbə rolunu oynayacaq.

Xəbər lenti

Xəbər lenti