...

Azərbaycan Prezidenti Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Siyasət Materials 12 Sentyabr 2011 19:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Şəki şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şəkinin milli memarlıq ənənələrinin və üslubunun qorunub saxlanması şərtilə, tarixi-memarlıq abidələri və onların mühafizə zonaları, əhali artımı, yeni yaşayış, istirahət, idman kompleksləri, əhaliyə mədəni-məişət xidməti, şəhərdaxili nəqliyyat, mühəndis-kommunikasiya şəbəkələri, kommunal təsərrüfatı və sənaye-istehsal sahələrinə aid obyektlərin yerləşdiyi ərazilər nəzərə alınmaqla, şəhərin inkişafı və aparılacaq abadlıq-quruculuq işləri barədə bir ay müddətində təkliflər hazırlayıb, Şəki şəhərinin baş planına daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim etsin.

Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 (beş) milyon manat vəsait ayrılsın.

Nazirlər Kabinetinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Şəki şəhər İcra Hakimiyyətinin müvafiq nazirlik, dövlət komitəsi və idarələrlə razılaşdırılmış təklifləri əsasında Şəki şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair baş planın təsdiqi üçün zəruri tədbirləri iki ay müddətində həyata keçirmək tapşırılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin zəngin tarixi vardır. Bu şəhərdə inşa edilmiş qədim karvansaralar, qalalar, müxtəlif müdafiə qurğuları, ictimai binalar, məscid və məbədlər, o cümlədən Kiş kəndində yerləşən alban məbədi, Xan sarayı və Şəkixanovların evi kimi xüsusi memarlıq üslubuna malik olan yüzlərlə imarət və digər tarixi-memarlıq abidələri mədəni irsimizin nadir inciləridir.

Müasir dövrdə Şəki şəhərinin inkişaf strategiyasına uyğun olaraq tikinti-abadlıq işlərinin aparılmasında özünəməxsusluğun qorunub saxlanılmasına, ətraf mühitlə vəhdətin təmin olunmasına, tarixi mədəniyyət abidələrinin mühafizəsinə və mövcud mədəni-tarixi potensialdan səmərəli istifadəyə xüsusi diqqət yetirilməsi zəruridir.

Son illərdə Şəki şəhərində bir sıra infrastruktur və sosial yönümlü layihələr həyata keçirilmiş, müəyyən tarixi abidələr bərpa olunmuş, yeni mehmanxanalar, istirahət mərkəzləri, ticarət və xidmət obyektləri, Olimpiya İdman Kompleksi, modul tipli elektrik stansiyası, sənaye müəssisələri istifadəyə verilmişdir. 100 çarpayılıq müasir xəstəxananın tikintisi isə başa çatmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti