Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/
Azərbaycanla Rusiya arasında əməkdaşlıq bütün istiqamətlərdə artmağa doğru möhkəmlənir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin deyib.
"Şadam ki, Bakıya indiki səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə bildim. Görüşdə biz bir daha təsdiq etdik ki, ölkələrimiz arasında əməkdaşlıq bütün istiqamətlərdə artmağa doğru möhkəmlənir", - Narışkin qeyd edib.
Onun sözlərinə görə, bu il iki ölkə ölkələr arasında mal dövriyyəsinin böhrandan əvvəlki səviyyəsini praktiki olaraq bərpa edəcəklər.
O deyib ki, bu gün Bakıda unikal hadisə, Rusiya və Azərbaycanın birgə layihəsi olan və demək olar ki bir il hazırlığın getdiyi I Beynəlxalq Humanitar Forum açılıb.
"Bizə azərbaycanlı həmkarlarımızla birgə bu meydana dünyanın elmi elitasının unikal kollektivinin nümayəndələrini toplamaq müyəssər oldu. Forumda məsələlərin ən geniş dairəsi müzakirə olunur", - Narışkin deyib.
Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb.
Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri", "Biotexnologiyalar və etika problemləri", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Sosial jurnalistika və yüksək texnologiyalar", "Elmlərin konvergensiyası" mövzularında diskussiyalar aparılacaq.
Forum iştirakçıları bəşəriyyəti inkişafın müasir mərhələsində narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər.