Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Suriya ilə münaqişəni qızışdırmağı və silahlı qruplaşmalara silah satışını dayandırmalıdır. Trend-in "Əl-Cəzirə" telekanlına istinadən verdiyi məlumata görə, bu barədə Suriya Prezidentinin müşaviri Buseyn Şaaban çərşənbə axşamı jurnalistlərə bildirib.
"Suriyada demokratiyanın bərqərar olmasını dəstəkləmək əvəzinə Türkiyə ölkədə münaqişəni qızışdırır. Biz Ankaranı dərhal bu hərəkətləri dayandırmağa çağırırıq", - Şaaban deyib.
Prezidentin müşavirinin sözlərinə görə, bəzi ölkələr Suriyadakı qruplaşmaları silahlandırır və onlara himayəçilik edirək bununla da ölkədə ədavət yaratmağa və ölkəni parçalamağa çalışırlar.
Bir az əvvəl Suriya Prezidenti Bəşşar Əsəd də Türkiyənin üsyançılara silah satdığını bildirmişdi.
Əsəd bəyan etmişdi ki, Türkiyə dünyəvi idarəetmə üçün təhlükə olan Suriyanın "Müsəlman qardaşlar"ını müdafiə edir.
Türkiyənin Silahlı Qüvvələri 5-15 oktyabrda Suriya ilə sərhəddə yerləşən Xatay adlanan ərazidə təlim keçirirlər. Bu barədə SQ-nin Baş qərargahı bir müddət əvvəl məlumat verib.
Suriya hakimiyyəti ölkədə çaxnaşmalar başlandıqdan sonra suriyalıların kütləvi qaçışı ilə əlaqədar dəfələrlə öz təhlükəsizlik qüvvələrini Türkiyə ilə sərhəd regionlara cəmləşdirib. Suriyanın tanklar da daxil olmaqla, qoşun hissələri sərhəd xəttinə 500 metrədək yaxınlaşıb.
Bundan əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Suriyanın bilavasitə onun sərhədləri yaxınlığında əməliyyatlar keçirməsi ilə bağlı narahatlığını ifadə edib və Suriya tərəfinə belə əməliyyatların təhlükəli olması ilə bağlı xəbərdarlıq edib.
Bu arada vətəndəki təqiblərdən Türkiyəyə qaçan Suriya vətəndaşlarının sayı 7 min 605 nəfərə çatıb. Onlar Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin idarəçiliyi altında olan 5 düşərgədə yerləşdiriliblər.
Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan Cənubi Afrika Respublikasına səfəri zamanı bəyan edib ki, Türkiyə Prezident Bəşşar əl-Əsəd rejiminə qarşı öz sanksiyalar paketini hazırlayacaq.
Bundan əvvəl Türkiyə hökuməti sanksiyalar çərçivəsində Suriya Prezidenti və onun ailəsinin bütün aktivlərini dondurmağı qərara alıb.Bu barədə ötən şənbə günü CNN Turk telekanalı məlumat verib.
Bununla yanaşı, Əsəd rejiminə yaxın olan bir sıra şəxslərin Türkiyəyə girişinə icazə verilməyəcək.