...

İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 13 Oktyabr 2011 15:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanın etimadnaməsini qəbul edib
İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanın etimadnaməsini qəbul edib.

Trend-in məlumatına görə, səfir Piter Beytman fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Piter Beytman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf etdiyini dedi. Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorunda, biznes və mədəniyyət sahələrindəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev əlaqələrimizin yaxşı ənənəyə malik olduğunu və bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Diplomat Piter Beytman Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin Azərbaycan Prezidentinin, onun ailəsinin və Azərbaycan xalqının rifahı naminə ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfir kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirdi. Piter Beytman Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetlə bir neçə il bundan əvvəlki görüşünü məmnunluqla xatırladı.

Dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da ən xoş arzularını Kraliçaya çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti