...

Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Siyasət Materials 22 Dekabr 2011 12:29 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir E.Mehdiyev/

Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, Fransa Senatında qondarma "soyqırım" məsələsinin müzakirəyə çıxarılmasına etiraz edən aksiyaçılar "Fransa, ədalətli ol!", "İnsan haqlarına hörmətlə yanaş!" "Sarkoziyə ar olsun!", "Saxta "erməni soyqırımı"nı tanımaqdan əl çək, Fransa!", "Yaşasın Türkiyə!", "Dayan, Fransa!" kimi şüarlar səsləndiriblər.

Beynəlxalq Diaspor Mərkəzi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin təşkil etdiyi etiraz aksiyasında 100-ə yaxın insan iştirak edib.

Aksiyanın sonunda Qətnamə qəbul edilərək səfirliyə təqdim olunub.

Qətnamədə qeyd olunub ki, bu, Fransanın dünyada nüfuzuna ziyan gətirən addımdır.

"Xocalıda azəri türklərinə qarşı törədilən soyqırımla bağlı görməzlik edən Fransa bu qanunun qəbulu ilə ədalət prinsiplərindən nə qədər uzaq olduğunu sübut edir. Fransanın Dağlıq Qarabağ probleminin həllində də Ermənistanı dəstəklədiyi açıqca görünür", - qətnamədə deyilir.

Etiraz aksiyası zamanı hər hansı insident baş verməyib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti