Azərbaycan, Bakı, 27 dekabr / Trend müxbir T.Cəfərov/
Bu gün İran İnqilab Məhkəməsinin 15-ci şöbəsində ABŞ-a casusluqda ittiham olunan İran əsilli ABŞ vətəndaşı Əmir Mirzai Hikmətinin ilk məhkəməsi keçirilib. Trend-in məlumatına görə, bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.
Məhkəmə prosesi hakim Əbülfəzl Salavatinin nəzarəti altında keçirilib.
İran kəşfiyyat xidməti bir həftə öncə Əmir Mirzai Hikmətinin etiraflarını İran dövlət televiziyası vasitəsilə yayımlamışdı.
Məlumata əsasən, məhkəmə prosesi zamanı prokuror ittiham aktını elan edib, daha sonra Hikmətinin vəkili çıxış edərək, ittiham aktı ilə razılaşmayıb və ittiham aktında bəzi hissələrin qanunsuz olduğunu bildirib. İtiham tərəfi çıxış edərək vəkilin fikirləri ilə razılaşmayıb.
Hikməti 2001-ci ildə ABŞ-ın hərbi qüvvələrinə qoşulub və orada tərcüməçi kimi xidmət edib.İran Hikmətinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusu olduğunu bildirib.
İran hökuməti dəfələrlə ABŞ-ı İranda gizli kəşfiyyat əməliyyatları həyata keçirməkdə ittiham edib.
Mayın 23-də İranın təhlükəsizlik naziri Heydər Müslehi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə çalışan 30 casusun həbs olunması ilə bağlı məlumat vermişdi.