...

Qabil Hüseynli: Müsavat başqanı İsa Qəmbər partiyada lider statusunda qalacaq

Siyasət Materials 13 Yanvar 2012 15:25 (UTC +04:00)
Müsavat başqanı İsa Qəmbər partiyada lider statusunda qalacaq.
Qabil Hüseynli: Müsavat başqanı İsa Qəmbər partiyada lider statusunda qalacaq

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müsavat başqanı İsa Qəmbər partiyada lider statusunda qalacaq. Bunu cümə günü Trend-ə açıqlamasında Müsavat başqanının sabiq müavini, politiloq Qabil Hüseynli bildirib.

İsa Qəmbərin başqanlıqdan getməsi ilə bağlı məsələyə münasibət bildirən Hüseynli qeyd edib ki, İsa Qəmbər partiyadan getmir, o, partiyada lider statusunda qalacaq və partiyanın idarə edilməsində yaxından iştirak edəcək.

"Partiyanın nizamnaməsinə əsasən, bütün seçki orqanlarının üzvləri iki dəfədən artıq tutduqları vəzifədə qala bilməzlər. Əgər İsa Qəmbərin yenidən başqan seçilməsinə yol açmaq istəyirlərsə, bunun üçün mütləq nizamnamədə dəyişiklik aparılmalıdır. Yəni qurultayda əvvəl nizamnamə dəyişdirilməli, sonra İsa Qəmbərə seçkilərdə iştirak etmək şansı yaradılmalıdır", - Hüseynli deyib.

Lakin o qeyd edib ki, İsa Qəmbər özü bunu istəmir, seçkilərdə iştirak etməyəcəyini dəfələrlə bəyan edib və göstərib ki, nisbətən cavanlara yol açılmalıdır.

"Mən İsa Qəmbərin xasiyyətini bilirəm və güman edirəm ki, o, öz dediyi sözlərdən dönməyəcək", - Hüseynli bildirib.

Hüseynli, həmçinin başqanlığa namizədlərlə bağlı məsələyə də münasibət bildirib. O, başqanlığa namizədlər arasında Arif Hacılı və Qubad İbadoğlunun şanslarını daha yüksək qiymətləndirib.

Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər vəzifəsindən gedəcək və qurultayda yeni başqan seçiləcək.

Ötən il Müsavat başqanı İsa Qəmbər başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti